“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycanda ilk titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis paytaxt klubu ilə ölkə kubokunu əldə edib.
Bu, ukraynalının məşqçi karyerasında ilk kubok və 2-ci tituldu. O, 2013/14 mövsümündə “Mordoviya” ilə Rusiyanın I divizionunda çempionluq yaşayıb.
Ümumilikdə isə Maksimov karyerasında 3-cü ölkə kubokuna yiyələnib. 1995/96 mövsümündə Kiyev “Dinamo”su ilə Ukrayna, 1998/99 mövsümündə “Verder”lə Almaniya kubokuna sahib çıxan sabiq futbolçu 19 ildən sonra yeni “amplua”da uğura sevinib.
“Keşlə”nin çalışdırıcısı bununla da Azərbaycan futbolunun müstəqillik tarixinə böyük titul sahibi olan 20-ci məşqçi kimi düşüb. Böyük titul kimi Azərbaycan çempionu, kuboku, Superkuboku, həmçinin “Birlik kuboku” sayılır. I divizion, əvəzedicilər və digər kiçik nüfuzlu turnirlərdə qazanılan titullar nəzərə alınmır. İndiyədək ölkəmizdə 19 çalışdırıcı ən yüksək mükafat qazanmışdı. Yalnız məşqçi kimi qazanılan titullar üzrə siyahıya Ağasəlim Mircavadov başçılıq edir. Onun hesabında müxtəlif klublarla, müxtəlif turnirlərdə 11 titul var.
Maksimov bu “20-lik”də 7-ci legionerdi. Onadək yalnız 6 əcnəbi Azərbaycan klubları ilə titul əldə edib. Yalnız gürcüstanlı Kaxaber Sxadadze 2 dəfə bunu bacarıb. O, “İnter”lə (indiki “Keşlə”) Azərbaycan çempionluğunu və “Birlik kuboku”nu əldə edib.
Ukraynalının həmyerlisi Valentin Xodukin “İnter”lə, makedoniyalı Qyoko Hacıyevski “Bakı” ilə çempionluq sevinci yaşayıb. “Bakı”da türkiyəli Cüneyt Biçər, “Xəzər Lənkəran”da rumıniyalı Mirça Rednik Azərbaycan kubokunun sahibi olub ki, Maksimov bu mükafatı əldə edən 3-cü yadellidi. Əcnəbilərin qazandığı daha bir titul isə Superkubokun “Xəzər Lənkəran”a getməsində pay sahibi olan Con Toşakın hesabındadı.