[b]Zakariya Amrani: Azərbaycan yığmasının zəif tərəfləri bizə məlumdu - MÜSAHİBƏ[/b]
22.03.2016 - 12:01
[b]Zakariya Amrani: Azərbaycan yığmasının zəif tərəfləri bizə məlumdu - MÜSAHİBƏ[/b]

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin ilk oyununda bu gün millimizlə qarşılaşacaq Hollandiya yığmasının oyunçusu Zakariya Amraninin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan millisi ilə ilk görüşünüzə az vaxt qaldı. Oyunla bağlı nə düşünürsüz?

- Təbii ki, bu qarşılaşma bizim üçün çox vacibdi. Bu komandaların ilk oyunundan çox illər keçib. Əlbəttə, qələbə qazanmaq istəyirik. Çətin olacaq, amma istərdik ki, Kolumbiyada keçiriləcək dünya çempionatı iştirakçıları arasında bizim də adımız olsun. Oyunun maraqlı keçəcəyi şübhəsizdi.

 

- Matça tam hazırsız?

- Məşqlərimizi və hazırlığımızı, demək olar ki, yekunlaşdırdıq. İntensiv məşqlər etdik, hazırlıq üçün kifayət qədər vaxtımız oldu. Bu müddətdə Azərbaycanın oyunlarının videosunu izlədik, təhlillər etdik. Demək olar ki, rəqibin zəif və güclü tərəfləri bizə məlumdu. Qalır, məşqlərdəki tapşırıqları oyun zamanı reallaşdırmaq.

 

- Hansı məlumatlar əldə edə bilmisiz?

- Bilirik ki, heyətlərində 5 braziliyalı futzalçı var. Həmçinin yerli oyunçular da onlarla yaxşı vəhdət təşkil edirlər. Yaxşı hazırlıqlı rəqiblə üz-üzə gələcəyik. Çətin olacaq. Uduzmaq haqda düşünmürük. Qələbə qazansaq, çox sevinərik.

 

- Amma Hollandiya millisinin özəyini də mərakeşli ərəblər təşkil edir...

- Mərakeş əsilli 7-8 futzalçımız var. Onlar Hollandiyada doğulub, böyüyüblər və indi də ölkənin millisində çıxış edirlər. Bunda hansısa problem görmürəm.

 

- Rəqibin zəif və güclü tərəfləri haqda nə deyə bilərsiz?

- Baş məşqçimiz lazımi təhlillər edib. Rəqibi tanıyırıq. Braziliyalı futzalçıların sürətli oynadıqlarını gördük. Xüsusilə də, sol ayağı güclü olan və driblinq etməyi xoşlayan Eduardonun, eləcə də ön xətdə yer alan Auqustonun oyununu fərqləndirmək istərdim. Ümumiyyətlə, hamısından ehtiyatlı olmalıyıq. Komandanızın üstünlüklərindən biri də əksər futzalçıların eyni klubda çıxış etməsidi. Bildiyim qədəri ilə hazırkı heyətdə yer alan 10 oyunçu “Araz”ın formasını geyinir. Bir klubda oynamaq, hər gün məşq etmək, həftədə bir dəfə oyuna çıxmaq meydanda anlaşma baxımından yaxşı göstəricidi?

 

- Şansları necə dəyərləndirirsiz?

- Bu mərhələ iki oyundan ibarətdi. Başa düşürəm, yığmanızın heyətində təcrübəli oyunçular var. Ancaq mərhələ adlamaq üçün bizim də yaxşı şansımız var. Hər iki oyunda bunu dəyərləndirmək və böyük yarışa qatılmaq istəyirik.