[b]Svanadze: 2 futbolçudan başqa, digərləri “İnter”də qalacaq[/b]
04.05.2017 - 15:50
[b]Svanadze: 2 futbolçudan başqa, digərləri “İnter”də qalacaq[/b]

“Yalnız 2 futbolçu “İnter”i tərk edib. Söhbət Səlahət Ağayev və Abbas Hüseynovdan gedir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

 

Paytaxt təmsilçisində heyətlə bağlı suallara böyük ölçüdə aydınlıq gəlib. Transfer qadağası üzündən güclənmək imkanından məhrum olan komanda futbolçularını saxlamağa məcburdu.

 

Svanadze də bu işin öhdəsindən gəldiklərini qeyd edib. O bildirib ki, “İnter”dən gedişi gözlənilən Nizami Hacıyev və Tərlan Quliyevlə də ortaq məxrəcə gəlmək mümkün olub: “Səlahət və Abbasdan savayı, digər futbolçularımızı komandada saxlaya bildik. Bu, legionerlərə də aiddi. Denis Silva və Adrian Skarlatake ilə yeni müqavilə barədə razılığa gəldik. Yeganə istisna Zurab Xizanişvilidi. Onunla danışıqları davam etdiririk. Hələ yekun qərara gəlməmişik”.

 

Qeyd edək ki, 14 futbolçunun - Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı və Zurab Xizanişvilinin "İnter"lə müqavilə müddəti bu mövsümün sonuna qədər idi.