“İnter”in yay hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, komanda əvvəlcədən planlaşdırıldığı kimi, iyunun 18-də toplaşmayacaq.
Baş məşqçi Zaur Svanadze Bakıya döndükdən sonra hazırlıq proqramında dəyişiklik etmək qərarına gəlib. “Bankirlər”in təlim-məşq toplanışı 3 mərhələdən ibarət olmalı idi. Əvvəlki proqrama görə, komanda iyunun 18-də toplaşıb Türkiyəyə getməli, 30-da vətənə dönməli və iyulun 11-də yenidən qardaş ölkəyə yollanmalı idi.
Gürcüstanlı mütəxəssis heyəti iyunun 25-də toplamaq qərarına gəlib. Təxminən 10 günə yaxın öz bazasında hazırlıq keçəcək paytaxt təmsilçisi iyulun əvvəllərində Türkiyəyə yola düşəcək. Orda olduğu müddətdə bakılıların 4-5 yoxlama görüşündə qüvvəsini sınaması gözlənilir. Klubla yoxlama görüşləri təşkil edən şirkət arasında imzalanan müqaviləyə əsasən, rəqiblərdən ən azı 2-si Türkiyə Superliqa təmsilçisi olacaq.
İyulun 30-da Bakıya dönəcək “İnter” növbəti mövsümün son hazırlıqlarını “İnter Arena”da keçəcək.