“Qəbələ”ni tərk edəcəyi gözlənilən futbolçulardan ikisi bəllidi. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” estoniyalı hücumçu Sergey Zenyov və yarımmüdafiəçi Rəşad Eyyubovla yollarını ayıra bilər.
Buna səbəb iki mövsümdü əyalət klubunda çıxış edən legionerin ümidləri tam doğrultmamasıdı. Premyer Liqada keçirdiyi 47 görüşdə cəmi 8 top vuran Zenyov onlarla qol imkanlarını qaçırmaqla azarkeşlərini məyus edib. Buna görə də 28 yaşlı forvarda daha bir şans verib-verməməyi düşünən Roman Qriqorçukun ondan imtina etməsi daha inandırıcıdı.
2015-ci ildə transfer olunan Eyyubov isə heyətə düşmək problemi yaşayır. İki mövsüm ərzində cəmi 25 matçda meydana çıxan yarımmüdafiəçi 3 qol vurub. Yeni başa çatan çempionatda isə ona cəmi 8 qarşılaşmada şans verilib. Bu üzdən də heyəti gücləndirməyi düşünən komandanın Rəşadla yolları ayıracağı gözlənilir.
Qeyd edək ki, Zenyov Azərbaycan çempionatının gümüş (2016/17) və bürünc (2015/16) mükafatçısıdı.