[b]Zirədə son qələbəni kim qazanıb?[/b]
02.03.2016 - 13:14
[b]Zirədə son qələbəni kim qazanıb?[/b]

Topaz Premyer Liqasının debütantı “Zirə” bu gün növbəti ev sınağında məğlubiyyətsiz seriyasını davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun 1/4 finalında “Qəbələ”ni qəbul edən paytaxt klubu cari mövsümdə Zirə Olimpiya Kompleksinin meydanında keçirdiyi qarşılaşmalarda uduzmayıb.

 

Evdəki yenilməzlik seriyası 13 oyundan ibarət olan qəsəbə təmsilçisi bura ilk kubok matçını da əlavə etmək niyyətindədi. Adil Şükürovun yetirmələrinin seriyasında Premyer Liqanın 12, I divizionun 1 görüşü var.

 

“Zirə” sonuncu dəfə 293 gün əvvəl öz meydanında uduzub. Bu da komandanın I divizionda oynadığı 2014/15 mövsümünə təsadüf edib. Zirəlilər 2015-ci il mayın 14-də “Neftçala”ya yenilib – 1:3.

 

Həmin qarşılaşmadan sonra heç bir komanda qəsəbəyə səfərdən sevinclə dönə bilmir. Bu müddətdə baş tutan 13 matçda meydan sahibləri 10 qələbə qazanıb və 3 heç-heçə edib. Son 4 görüşdə isə qonaqlar heç-heçəyə də həsrət qalıb.