“İnter”də daha bir futbolçunun taleyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Zurab Xizanişvilinin komandada qalıb-qalmayacağı müəyyənləşib.
“Bankirlər”lə müqavilə müddəti başa çatan 35 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümü də bu komandada keçirəcək. Çünki hazırda ölkəsi Gürcüstanda istirahətdə olan Xizanişvili Bakıya döndükdən sonra yeni bir illik sazişə qol çəkəcək. Məlumatı klubun meneceri Aleksey Barvinski də təsdiqləyib.
Menecer “Qəbələ”dən ayrılan Ruslan Abışovla da danışıqların davam etdirildiyini söyləyib. Hazırda azad agent statusu daşıyan yığma komandamızın üzvünü “İnter”in baş məşqçisi Zaur Svanadze ixtiyarında görməkdə maraqlıdı.
Qeyd edək ki, Zurab Xizanişvili “İnter”lə yeni saziş bağlayan 13-cü oyunçu olub. Ona qədər Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Elnur Abdullayev, Denis Silva, Abbas Hüseynov, Mirsahib Abbasov, İlkin Qırtımov, Rauf Əliyev və Fuad Bayramov anlaşma müddətini uzatmışdılar.