[b]Kubok mübarizəsi başlayır, iddialılar gözləyir[/b]
13.10.2015 - 12:21
[b]Kubok mübarizəsi başlayır, iddialılar gözləyir[/b]

Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünün ilk oyun günündə cəmi 3 qarşılaşma baş tutacaq.

 

Bu da iştirakçıların sayının azlığı ilə bağlıdı. Turnirə 19 komanda qatıldığından 1/16 final mərhələsində cəmi 6 klub meydana çıxacaq. Mübarizəyə birbaşa 1/8 finaldan start verəcək 13 komandaya qoşulmaq üçün mübarizə aparacaq “altılıq” aşağı dəstə təmsilçiləridi.

 

I divizion klublarının oyunları ilə başlayacaq mövsümün 1/16 və 1/8 final mərhələləri son illərdə olduğu kimi 1 qarşılaşmadan ibarət olacaq. Cütlər püşklə müəyyənləşən ev sahibinin meydanında üz-üzə gələcək. Həmin görüşlərdə Topaz Premyer Liqasının adlı-sanlı klublarının rəqibləri bəlli olacaq.

 

Bu oyunlardan ikisi saat 14:00-da start götürəcək. Stadion problemi olduğundan rəqibini “Bakı”nın bazasında qəbul edən MOİK “Turan Tovuz”u sınağa çəkəcək. Bu matçda qalib gələcək komanda “İnter”lə görüşmək imkanı əldə edəcək.

 

Mərhələnin paytaxtdan kənarda baş tutacaq yeganə oyunu Qusarda keçiriləcək. Vaxtilə Premyer Liqada da oynamış əyalət klubları “Şahdağ” və “Şəmkir” mərhələ adlamaq üçün mübarizə aparacaq. Bu görüşdə “Qarabağ”ın rəqibi müəyyənləşəcək.

 

“Neftçi”nin 1/8 finaldakı rəqibi isə nisbətən gec bəlli olacaq. Saat 20:00-da başlayacaq matçda “Şərurspor”la “Qaradağ Lökbatan” üz-üzə gələcək. Bu qarşılaşma “Bayıl Arena”da keçiriləcək.


Azərbaycan kuboku

1/16 final
14 oktyabr (çərşənbə)


14:00. MOİK – “Turan Tovuz”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


14:00. “Şahdağ” – “Şəmkir”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu


20:00. “Şərurspor” – “Qaradağ Lökbatan” 
“Bayıl Arena”

0