AFFA-nın sabiq prezidentinin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu - FOTOLAR
24.03.2014 - 15:35
AFFA-nın sabiq prezidentinin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu - FOTOLAR

AFFA-nın dəstəyi, “Turan-T” İdman Klubunun və Tovuz rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Tovuz rayonunda AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş xatirə turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 16 məktəbin 32 komandası mübarizə aparıb.

2000/01 təvəllüdlü məktəblilərin yarışında finalda Qaraxanlı kənd orta məktəbinin komandası A.S.Puşkin adına Tovuz şəhər orta məktəbinin komandasını 4:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb. 2002/03 təvəllüdlülərin mübarizəsində isə həlledici görüşdə Əlimərdanlı kənd orta məktəbinin komandası ilə Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin komandası üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyalarını daha dəqiq yerinə yetirən Əlimərdanlı kənd orta məktəbinin komandası yekunda 4:2 hesabı ilə qalib gələrək çempion olub.

Turnirin bağlanış mərasimində “Turan” klubunun təsisçisi Vidadi Əhmədov, mərhumun oğlu Anar Mirzəyev, “Turan-T”nin prezidenti Namiq Məstanov, Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanov və veteran futbolçular iştirak edib. Çıxış edən natiqlər Ramiz Mirzəyevin həyat və fəaliyyətindən, ölkə futbolunun inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Sonra yarışın mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan komandalara medallar və diplomlar təqdim olunub. Çempion komandalara kuboku Vidadi Əhmədov və Anar Mirzəyev təqdim edib. Həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara AFFA-nın hədiyyələri verilib.

0