AFFA limiti dəyişdi
07.03.2014 - 13:48
AFFA limiti dəyişdi

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir “Hilton” otelində baş tutub. Assosiasiya prezidenti Rövnəq Abdullayev konfransda iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki salamlayıb və tədbiri açıq elan edib.

Konfrans səs hüququna malik 35 üzvdən 33-ü qatılıb.

AFFA-nın baş katibi hesabat dövrü ərzində görülmüş işlərdən danışıb. Futbol tədbirləri xronoloji ardıcıllıqla təqdim edilib.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçirilib. İki üzvün - Elşad Nəsirovla Cahangir Hacıyevin qatılmadığı tədbirə əsas müzakirə mövzusu Topaz Premyer Liqasında legioner limiti olub. Çempionatda mübarizə aparan klubların hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində narazı olmaları bu məsələyə yenidən baxılmasını zəruri edib.

İclasda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizlinin də iştirak edib. Onlar klubların mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıblar. Həmçinin, millimizin sabiq baş çalışdırıcısı, ölkəmizin ən titullu məşqçisi Ağasəlim Mircavadovun da fikirləri dinlənilib.

Yekun qərar olaraq, 2014/2015 mövsümündə 6+4+1 (6 legioner, 4 yerli və 1 nəfər yaşı 23-dək olan yerli futbolçu) sisteminin tətbiqini məqsədəuyğun sayılıb.

Qeyd edək ki, ötən il avqustun 14-də keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, 2014/2015-ci il mövsümündən başlayaraq limit 6+5 sistemi ilə tətbiq edilməli və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalı idi.

İclasda Azərbaycan ərazisindəki bütün futbol turnirlərinin AFFA tərəfindən təsdiqlənməsi qərara alınıb. Kimsə icazəsiz turnir təşkil edə bilməz.

0