Almaniya mətbuatı yığma komandalarının DÇ-2018-in seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Apasport.az-ın “volksfreund.de” saytına istinadən məlumatına görə, Azərbaycan millisi ilə eyni qrupda yer alacaq Bundestimin çəkindiyi komandalardan biri də yığmamızdı.
Belə ki, tək-tək qrupdakı bütün rəqibləri dəyərləndirən almaniyalı həmkarlarımız yığmamıza yuxarıdan aşağı baxmağın onlara baha başa gələ biləcəyini düşünürlər: “Azərbaycan yığması ilə sonuncu dəfə 5 il öncə qarşılaşmış və 3:1 hesabı ilə qalib gəlmişdik. Həmin vaxt rəqibi almaniyalı Berti Foqts çalışdırırdı. Ardıcıl iki seçmə mərhələdə bu komanda ilə 4 dəfə qarşılaşmış və hamısında qələbə qazanmışıq. Lakin son oyunda rəqib bizə qarşı inamlı çıxış etdi. Onu da nəzərə alaq ki, Berti Foqtsun yerinə gələn Robert Prosineçki komandanı daha da inkişaf etdirib. Yəni, bu dəfə Azərbaycana qarşı işimiz asan olmayacaq”.
Bununla belə, almanlar Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan və San Marino ilə birlikdə yer aldıqları qrupun favoriti olduqlarını vurğulayıblar.
Qeyd edək ki, milli komandamız Berti Foqtsun rəhbərliyi altında DÇ-2010 (0:2, 0:4) və AVRO-2012-nin (1:3, 1:6) seçmə mərhələsində Almaniya yığması ilə qarşılaşıb.