Andrey Kristya: “Qəbələ” “Şiroki Briyeq” səddini keçəcək – MÜSAHİBƏ
26.06.2014 - 13:23
Andrey Kristya: “Qəbələ” “Şiroki Briyeq” səddini keçəcək – MÜSAHİBƏ

Hazırda Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” klubunun yeni transferi, rumıniyalı yarımmüdafiəçi Andrey Kristeanın apasport.az saytına müsahibəsi

 

- Azərbaycana gəlişiniz necə baş tutdu?

- “Qəbələ” haqda çoxdan eşitmişdim. Təklif gələndə də tərəddüd etmədim. Azərbaycanda ən yaxşı komandalardan biri olduğunu bilirdim. Həmçinin, Dorinel Muntyanu kimi mütəxəssis elə-belə komandada işləməzdi. Bu komandanı seçməyimdə onun da rolu oldu.

 

- “Qəbələ” barədə məlumatları internetdən öyrənmişdiniz, yoxsa...?

- İnternetdən yox, dostum Adrian Skarlatakedən soruşmuşdum. Mənə bu komanda haqqında hər şeyi danışdı və ancaq xoş sözlər dedi. Bir də Azərbaycan kubokunun finalını izləmişdim. “Qəbələ”nin “Neftçi” ilə oyununa baxmışdım.

 

- Həmin vaxt gələcək komandanız finalda uduzmuşdu...

- Düzdü, məğlub olmuşdu, amma yaxşı oyun göstərmişdi. Əslində, finalda “Qəbələ”nin qalib gəlmək üçün yaxşı imkanları var idi. Ümid edirəm ki, növbəti mövsüm bu komanda yenə finala çıxacaq. Onda kubok bizim olacaq.

 

- Artıq Azərbaycan rumıniyalı futbolçulara yad deyil...

- Hə, artıq həmyerlim Kristian Pulhak da komandadadır.  

 

- Vaxtilə daha səviyyəli çempionatda, Almaniyanın “Karlsrue” klubunda oynamısınız. “Qəbələ”yə keçidinizi geriyə addım saymırsınız?

- Karyeram Almaniyada elə də uzun olmadı. “Karlsrue”nin heyətində cəmi bir mövsüm, 11 oyun keçirdim. Amma Azərbaycana uzunmüddətli karyera üçün gəlmişəm. Özümü burada sübut etmək istəyirəm. Qollar vurub, komandam üçün önəmli bir futbolçu olmaq fikrindəyəm.

 

- “Qəbələ”nin infrastrukturundan və stadionlarından xəbəriniz var. Oradakı meydançalar ölkəmizdə ən yaxşı sayılır...

- Bunu təxmini bilirəm. Düzdü, mən ölkənizə gəlməmişəm. Amma internet vasitəsilə stadionlara baxdım. “Qəbələ” stadionunun ot örtüyü möhtəşəmdir.  

 

- Sloveniyada məşqlər necə keçir?

- Əla. Baş məşqçimiz Avroliqaya və növbəti mövsümə komandanı çox ciddi şəkildə hazırlayır. Muntyanu Rumıniya futbolunun əfsanələrindən olub. İndi də məşqçi kimi özünü sübut edib. O, zəif sayılan komandanı Rumıniya çempionu edib. “Otselul”la ölkə birincisi olub. Ona görə də hər kəs növbəti mövsüm onun komandasını necə oynadığını görəcək.

 

- “Qəbələ” tarixində ilk dəfə avrokuboklarda oynayacaq. Sizcə, komanda bu Avropa Liqasının oyunlarına hazırdır?

- Mən komandanın hazır olduğunu deyə bilmərəm. Çünki bu suala ancaq baş məşqçimiz cavab verə bilər. Sizə komandanın nə etməli olduğundan danışa bilərəm.  

 

- Avroliqadakı rəqibiniz Bosniya və Herseqovina təmsilçisi “Şiroki Briyeq”dir. Bu komandanı təhlil etmisiniz?

- Yox, bizim məlumatımız yoxdur. Amma baş məşqçi bizə hər şeyi deyəcək. O, komanda haqqında bütün məlumatları toplayacaq və futbolçulara nə etməli olduğunu bildirəcək. İnanıram ki, “Qəbələ” “Şiroki Briyeq”i səddini keçib, növbəti mərhələdə oynayacaq.

 

- Amma hər kəs rəqibinizi favorit sayır?

- Hər kəs qoy düşündüyünü desin. Oyunlardan sonra görəcəyik ki, kim güclüdür, kim zəif. Belə qarşılaşmalarda favorit olmur. Mərhələni keçən komanda güclü olduğunu göstərəcək. Bizi onlardan zəif sayanlar yanılır.

 

Elsevər MƏMMƏDOV

 

0