İtaliya Futbol Federasiyası İntizam Komitəsi “Napoli”nin şikayətinə baxıb. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, neapollular argentinalı futbolçu Qonzalo İquaynın cəzasına etiraz edib.
Belə ki, İtaliya A seriyasının 31-ci turunda “Udineze” ilə oyundakı hərəkətlərinə görə hücumçuya 4 oyunluq cəza verilmişdi. Klubun şikayətinə baxan intizam komitəsi, cəzanın bir oyun yüngülləşdirilməsinə qərar verib.
Artıq “Verona” ilə oyunu buraxmış cənubi amerikalı bundan sonra daha 2 oyunda - “İnter” və “Bolonya” qarşılaşmalarında meydana həsrət qalacaq. Onun dönüşü çempionatın 35-ci turuna, “Roma” ilə görüşə təsadüf edəcək.
Qeyd edək ki, meydana çıxdığı 31 oyunda 30 qol vuran İquayn hazırda A seriyasında bombardirlər yarışında şəriksiz liderlik edir.