Aslan Kərimov: Məni gətirirlər?
09.04.2015 - 11:48
Aslan Kərimov: Məni gətirirlər?

“Təbriz Həsənovun U-17-nin baş məşqçisi təyin olunmasından xəbərdaram. Onun yerinə U-16-ya məni gətirirlər? Belə bir şey yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

 

15 yaşadək futbolçulardan ibarət millinin sabiq baş məşqçisi haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. Təbriz Həsənovun U-17-nin “sükanı arxası”na gətirildiyini nəzərə alsaq, məntiqlə U-15-nin baş məşqçisi də onun yerini tutmalıdı. Düzdü, Kərimov daha 15 yaşlı futbolçulardan ibarət yığmanı çalışdırmır. Bununla belə, U-16-ya məhz onun gətiriləcəyi istisna edilmir.

 

Lakin Kərimov bu variantın real olmadığını bildirib. Onun sözlərinə görə, U-16-nı çalışdıracağı inandırıcı deyil: “Bəli, U-16-nın baş məşqçisi U-17-yə gətirilirsə, onun yerini U-15-in çalışdırıcısı tutmalıdı. Ancaq bu, mən ola bilmərəm. Çünki federasiya ilə imzaladığım müqavilənin müddəti başa çatdı. Odu ki, U-16-ya baş məşqçi keçəcəyim inandırıcı görünmür. Federasiya tərəfindən də mənə belə bir təklif edilməyib”.