AZAL Bolqarıstan yığmasının üzvü Radoslav Dimitrovla maraqlanır. Apasport.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu “təyyarəçilər”ə baxışa gələcək.
“Liteks”in yetirməsi olan Dimitrov burda peşəkar səviyyədə oyun keçirə bilməsə də, 2007-2008-ci illərdə “Montana” və “Sportist” klublarında forma geyinib. Daha sonra ölkəsinin tanınmış klublarından olan Sofiya “Slaviya”sına keçən Radoslav burda 5 il ərzində 134 oyuna çıxıb. Futbolçunun hazırda Sofiya klubu ilə heç bir bağlılığı qalmayıb. O, AZAL-a keçərsə, ilk legioner karyerasını ölkəmizdə yaşayacaq.
Sağ cinah müdafiəçisi olan, lakin müdafiənin solunda və yarımmüdafiənin sağında da oynamağı bacaran Dimitrov ötən ildən çağırıldığı Bolqarıstan yığmasında 4 oyun keçirib və 1 qola imza atıb. Ötən ilin martın 22-də seçmə mərhələnin Malta ilə oyununda (6:0) debüt edən Radoslav sentyabrın 10-da cırtdanlara 2:1 qalib gəldikləri cavab matçında hesabı açıb. Futbolçu sonuncu dəfə oktyabrın 15-də Çexiya ilə görüşə çağırılıb.
Qeyd edək ki, AZAL-ın maraq dairəsində olan digər futbolçulardan bilinəni nigeriyalı Nnaemeka Acuru, qanalı Daniel Addo və moldovalı Stanislav Namaşkodur.