Brüs Abdulaye: Kuboku əldən verə bilmərik - MÜSAHİBƏ
18.03.2014 - 00:01
Brüs Abdulaye: Kuboku əldən verə bilmərik - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzan “İnter” klubunun konqolu mərkəz müdafiəçisi Brüs Abdulayenin apasport.az saytına müsahibəsi.

 

- Böyük hesabla uduzduğunuz görüşlə bağlı fikirlərinizi bilmək istərdik...

- Düşünürəm ki, məğlubiyyətimizdə bəzi detallar rol oynadı. “Qarabağ” güclü və yaxşı komandadır. Onların fərdi cəhətdən yaxşı oyunçuları var. Qələbə qazandılar, buna nə edə bilərik ki? Ümid edək ki, növbəti görüşlərdə belə olmayacaq.

 

- Evdə 0:3 hesablı yenilgiyə səbəb olan dediyiniz detallar hansılardır ki?

- Məncə, “İnter” doğma azarkeşləri önündə heç vaxt belə hesabla yenilməyib. Bu, ilk dəfə baş verirdi. “İnter”in böyük hesabla “Qarabağ”a yenilgisinin səbəbini bilmirəm. Biz bəzi səhvlər etdik və nəticədə hesab bu həddə gəlib çıxdı. Bilirsiniz ki, hesab 1:0 olanda rəqibə dayanmadan təzyiq edirsən və sonda tarazlığı bərpa edə bilirsən. Ancaq “Qarabağ”ın vurduğu 2-ci qoldan sonra bunu etmək çətin idi.

 

- Növbəti oyununuz da çətin olacaq. Bu dəfə kubok matçı üçün “Neftçi”nin qonağı olacaqsınız...

- Qısa müddətdən sonra səfərdə “Neftçi” ilə oyuna çıxacağıq. İstirahət etmək və fikirləşmək üçün vaxtımız yoxdur. Ölkə kubokunun yarımfinalına çıxmaq istəyiriksə, tez özümüzə gəlməli və “Neftçi” ilə matça yaxşı formada çıxmalıyıq. Biz kuboku əldən verə bilmərik. Çünki avrokuboklara getmək üçün ən qısa yol budur. Klub və bizim üçün ölkə kuboku çox vacibdir.

 

- Avrokuboklara getmək üçün kubokun çox vacib olduğunu deyirsiniz. Belə çıxır ki, çempionatdan Avropaya getmək ümidinizi üzmüsünüz?

- Yox, bizim hələ də 2-ci pilləni tutmaq şansımız qalır. Bu pillədən bizi 3 xal ayırır. “Neftçi”, “Qəbələ”, “Bakı” və biz avrokuboklara vəsiqə verən çempionatın 2-ci və 3-cü sıralarına iddia edirik. Gördüyünüz kimi, ikinci yerə  4 komanda iddialıdır. Məhz ona görə deyirəm ki, kuboku qazanmaq daha çox vacibdir. Hamı mübarizə aparır, görək, avrokuboklara vəsiqə verən yerlər hansı komandaların olacaq.

 

- 2-ci mövsümdür çempionatımızda çıxış edirsiniz. Bu müddətdə dəyişən nə olub?

- Mən bura gələndə də futbolunuz inkişaf etməkdə idi. Məhz bunun nəticəsində “Mets”i tərk edib “İnter”ə keçdim. Eləcə də komanda yoldaşım Yoan Bokonyano “İstr”dən bizə gəldi. Hazırkı çempionat daha gərgin keçir. “Qarabağ”la rəqibləri arasındakı xal fərqini nəzərə almasaq, turnir cədvəlində komandalar bir-birləri ilə əməlli-başlı rəqabətə girib.

0