[b]Cavid Hüseynovun cinayət işinin ayrıca icraata verilməsinə aydınlıq gətirilib[/b]
22.01.2016 - 15:11
[b]Cavid Hüseynovun cinayət işinin ayrıca icraata verilməsinə aydınlıq gətirilib[/b]

Prokurorluq futbolçu Cavid Hüseynovla bağlı cinayət işinin ayrıca icraata verilməsinin onun məsuliyyətdən yayındırılması məqsədi daşıması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, son zamanlar bəzi kütləvi informasiya vasitələrində videoreportyor Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində Elşən İsmayılov və qeyriləri tərəfindən döyülməsi nəticəsində vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə başlanmış cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması C.Hüseynovun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb: "Göstərilənləri qəti şəkildə təkzib edərək bildiririk ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətində olmaqla Cavid Hüseynovun CM-nin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılmış, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı şəhər prokurorluğuna dəvət edilərək şəhər prokurorluğunun rəhbərliyi tərəfindən məlumatlandırılaraq onlara prosessual hüquq və vəzifələri izah edilib".

 

Qeyd olunub ki, 22 dekabr 2015-ci il tarixdə E.İsmayılov və qeyrilərinin Cinayət Məcəlləsinin 126.3 və 177.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair, 11 yanvar 2016-cı il tarixdə isə C.Hüseynovun həmin məcəllənin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən cinayət işləri yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

0