Elnur Allahverdiyev: Bütün hakimlər səviyyəsizdi, legionerlər isə oynamırlar – MÜSAHİBƏ
30.03.2014 - 23:00
Elnur Allahverdiyev: Bütün hakimlər səviyyəsizdi, legionerlər isə oynamırlar – MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXVIII turunda “Qarabağ”la matçın 78-ci dəqiqəsində meydandan qovulan “Qəbələ” klubunun müdafiəçisi Elnur Allahverdiyev 0:3 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. Olduqca əsəbi görünən futbolçu hakimləri ittiham etməklə yanaşı, komandada problemin olduğunu bildirib.


- Bəyəm, həmin epizodda qırmızı vərəqə var idi? Vardısa, deyin, biz də bilək. Birinci sarı vərəqəni başa düşdüm. Amma ikincidə top uğrunda mübarizə gedirdi. “Qarabağ”ın ikinci qolunu gördünüzmü? Orada oyun qaydası pozulmuşdu. Top dayanmamış oyuna daxil edirlər, bunu necə başa düşək? Belə şey olar? Başa düşdük, çempion olurlar. Amma günahım nədir ki, mənə qırmızı vərəqə göstərirlər...

- Meydandan qovulmağınıza görə sizə irad tutuldu?
- Bu haqda danışmaq istəmirəm. Məni yandıran başqa şeydi: əbəs yerə niyə qırmızı vərəqə almalıyam? Bu, haqsızlıqdır.

- Paltardəyişmə otağında futbolçular arasında qalmaqal düşdüyü bildirilir. Nə baş vermişdi?
- Heç nə. Uduzmuşuq deyə, hamı əsəbidir.

- Baş hakimin qərarları oyunun nəticəsinə təsir edib?
- Əlbəttə. Topu əllə qarşısına atıb, oyuna daxil edir. Halbuki, hərəkətdə olan topu oyuna daxil etmək olmaz. Hakim bunu görmürdü? Adam kişi olar.

- Qovulmağınızın səbəbini hakimdən soruşmadınız?
- Deyir, nə bilim, göstərdim də. Bilmirlər, savadları yoxdur, səviyyələri bura qədərdir. Vallah hamısı səviyyəsiz hakimlərdi. Onlara qaydalar haqda sual verin, cavab verə bilməyəcəklər. Cavab versələr, mən futbolu atacam. Savadları yoxdur.

- Qış fasiləsindən sonra komandanız çempionatda cəmi 2 qələbə qazanıb. Bunun səbəbi nədir?
- Komandada böyük problem var. Amma izah edə bilməyəcəm. Nəsə baş verib.

- Bəlkə problem futbolçular arasındadır?
- Deyə bilmərəm. Mən işimi yerinə yetirirəm. Amma ortada nəsə var.

- Yerlilərlə legionerlərin bir-birini başa düşmədiyi, gəlmələrin can yandırmadığı deyilir...
- Bəyəm legionerlər oynayırlar? Vallah oynamırlar.

- Bir-ikisi istisna olmaqla, qalanları oynayır...
- Futbolu bir-iki nəfər oynamır. 5-6 nəfər mübarizə aparsın, qalanları da baxsın. Bu futbol olmadı ki...

- Bununla bağlı baş məşqçi Yuri Syomin kiməsə xəbərdarlıq etməyib? Bəlkə çalışdırıcı gəlmələrin tərəfini tutur?
- Syomin heç kimin tərəfini tutmur. Xəbərdarlığa gəlincə, baş məşqçi özü bilər. Onu bilirəm ki, çətin durumdayıq, bundan çıxmalıyıq.

- Bir müddət əvvəl ölkə kubokunun ¼ final mərhələsində məhz bu komandanı məğlub etdiniz. Qısa vaxt ərzində nə dəyişdi ki, bu gün böyük hesabla yenildiniz?
- Vallah bilmirəm. Səbəbini özüm də tapa bilmirəm.  

- Yəqin ki, bundan sonra kuboku qazanmaq haqda düşünəcəksiniz?
- Ümidimizi itirməmişik. Futboldur, qarşıda xeyli oyun var.  

- Marat İzmayılovun gəlişindən sonra komandada ab-havanın pozulduğu deyilir. Bu, doğrudur?
- Bir söz deyim: komandada problem var, amma bunu mən bilmirəm.

 

0