[b]Elvin Məmmədov dünya futboluna nümunə göstərildi [/b]
16.06.2016 - 12:41
[b]Elvin Məmmədov dünya futboluna nümunə göstərildi  [/b]

İspaniyanın “El Tiempo” qəzeti ABŞ-da keçirilən Amerika Kuboku-2016 ilə bağlı maraqlı yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, məqalədə qrup mərhələsində baş tutan Braziliya – Peru matçında ikincilərin əllə vurduqları qola münasibət bildirilib.

 

Kolumbiyalı jurnalist Sergio Okampo Madrid qəzetindəki yazısında Perunun 1:0 hesabı ilə qələbə qazanaraq, mərhələ adladığı görüşdə “feyr-pley” qaydalarını pozduğunu yazıb. Raul Ruidiazın 75-ci dəqiqədə əllə vurduğu qola görə Braziliya millisinin qrupda qaldığını vurğulayan Okampo Peru yığmasını turnirdən imtina etməyə dəvət edib.

 

Futbolu dinə bənzədən tanınmış jurnalist futbolçuların “feyr-pley”ə əməl etmədikləri zaman cəzalandırılmalarının tərəfdarı olduğunu qeyd edib. Argentinalı Dieqo Armando Maradonanın DÇ-1986-da İngiltərəyə vurduğu qolu da vurğulayan Okampo hollandiyalı Aryen Robbenin DÇ-2014-də Meksikanın qapısından əllə keçirdiyi topun sayılmadığını yazıb.

 

Perunu “feyr-pley” qaydalarını pozmaqda günahlandıran həmkarımız Azərbaycan Premyer Liqasını bu baxımdan nümunə göstərib. Belə ki, o, ötən mövsümün VII turunda baş tutan “İnter” – “Qarabağ” qarşılaşmasında qonaq komandanın penaltini kənara vurmasını örnək addım sayıb: “Azərbaycanlı futbolçu Elvin Məmmədov ölkə çempionatının bir oyunu zamanı təmiz futbolun hələ də ölmədiyini sübut etdi. Həmin vaxt turnir cədvəlinə başçılıq edən “Qarabağ” əsas rəqiblərindən biri olan “İnter”lə oyunda penalti vurmaq hüququ qazanmışdı. Baş hakim qonaqların oyunçusuna qarşı kobudluq olduğunu işarə etmiş və penalti nöqtəsini göstərmişdi. Məmmədov orda qayda pozuntusunun olmadığını bildirsə də, hakim ona məhəl qoymamışdı. Lakin futbolçu topu qəsdən kənara ataraq, əsl “feyr-pley” nümunəsi göstərmişdi. Bu, dinə olan inamdan qaynaqlanır”.

 

Qeyd edək ki, ötən ilin oktyabr ayının 4-də keçirilmiş “İnter” – “Qarabağ” matçının əlavə edilmiş dəqiqələrində baş hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına penalti təyin etsə də, həmin vaxt Ağdam klubunun formasını geyinmiş Elvin Məmmədov topu kənara vurmuşdu. Həmin vaxt 1:0 hesabı ilə öndə olan “Qarabağ” son saniyələrdə daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanmışdı.