Etto: “Qarabağ”a bu cür hesabla yenilməyi komandama yaraşdırmadım - MÜSAHİBƏ
10.03.2014 - 18:30
Etto: “Qarabağ”a bu cür hesabla yenilməyi komandama yaraşdırmadım - MÜSAHİBƏ

“Bakı”nın braziliyalı müdafiəçisi Ettonun apasport.az saytına müsahibəsi

-“Bakı”dan “Qarabağ”la matçda çox şey gözlənilirdi. Amma nəticə hər şeyin əksini ortaya çıxardı. Nə baş verdi ki, məğlub oldunuz?
- Bilirdik ki, çətin oyun olacaq. Çünki güclü komandaya qarşı oynayırdıq. Əslində, oyuna yaxşı başlamışdıq. Ancaq sonradan toparlana bilmədik. Qapımızdan ardıcıl qollar buraxdıqdan sonra dönüş yaratmaq çox çətin oldu. “Qarabağ” güclü komanda olduğuna görə, onların müdafiə xəttini yarmaq çətin oldu.

- 0:4 hesabı ilə uduzdunuz. Bir oyunda bu qədər top buraxmaq çox deyil?
- 1 və ya 2 top fərqi ilə uduzmağı hardasa başa düşürəm. Amma bu cür hesabla yenilməyi komandama yaraşdırmadım.

- Hamı qış fasiləsindən sonra komandanızın uğurlu çıxışından danışırdı. Bu gün hansı komponentdə geri qaldınız?
- Konsentrasiyanı itirdik. Tez boşaldıq, əvəzində qol da vura bilmədik. Əksinə, qapımızda qol gördük. Halbuki buna yol verməməli idik. Onlar keyfiyyət baxımından da bizi üstələdilər. Yenə deyirəm, bu cür güclü rəqiblə oyunda qapından qol buraxdıqdan sonra dönüş yaratmağın çətin olur.

- XXV turun nəticələrindən sonra turnir cədvəlində vəziyyət bir qədər də qarışdı. Düzdür, “Qarabağ” rəqiblərindən uzaqlaşdı. Amma digər pillələrdə sıxlıq yarandı. “Bakı” bu vəziyyətdən necə yararlanacaq?
- Bəli, yalnız “Qarabağ” uzaqlaşıb. Digər komandalar arasında 1-2 xallıq fərq var. “Neftçi”, “Qəbələ”, “İnter” və biz qalan yerlər uğrunda mübarizə aparacağıq.

- Qarşıda kubok oyunu var. “Rəvan”la matça tam hazırlaşa biləcəksiz?
- Bu oyunu unudub, həmin qarşılaşma haqda düşünməliyik.

- Oyun qrafikinin sıxlığı necə, sizi yormur?
- Komandada bir az yorğunluq var. Çünki bəzi futbolçular millinin düşərgəsinə yollanmışdılar. Onların dincəlməsinə ehtiyac var. Ümumi götürdükdə isə, heç bir problem yoxdur. Baş məşqçi qərar verəcək, biz də onu yerinə yetirəcəyik.

0