İbrahimoviç “Mançester Yunayted”i seçəcək, ancaq bir şərtlə
13.05.2016 - 20:45
İbrahimoviç “Mançester Yunayted”i seçəcək, ancaq bir şərtlə

Zlatan İbrahimoviç yayda İngiltərə Premyer Liqasında peyda ola bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Britaniyanın nüfuzlu “The Telegraph” nəşri xəbər yayıb.

 

Bildirilib ki, isveçli hücumçu yayda müqavilə müddəti başa çatacaq hazırkı klubu PSJ ilə yenidən anlaşa bilməyib. Tərəflər maddi məsələlərdə razılığa gəlməyiblər. Forvard həftəyə 300 min funt əməkhaqqı tələb etsə də, parislilər bunu qarşılamaq fikrində deyil.

 

Belə olan halda isə digər komandalar hərəkətə keçib. Bu “savaşda” əsas favorit isə “Mançester Yunayted”di. Artıq hücumçunun meneceri ilə “qırmızı şeytanlar” arasında ilkin danışıqlar olub.

 

İngiltərəli həmkarlarımız iddia edir ki, əgər Mourinyo “manukunianlar”la anlaşsa İbranın bu klubu seçməsi üçün daha bir əsası olacaq. Çünki tərəflərin “İnter”də olarkən birlikdə uğurlu əməkdaşlıqları olub.