Mənsimovun iradı, Hüseynovun inamı
24.07.2012 - 18:17
Mənsimovun iradı, Hüseynovun inamı

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında “Lex”lə bərabərliyə (1:1) qalan “Xəzər Lənkəran” cavab oyunu keçirmək üçün bu gün səhər saatlarında Polşaya üz tutdu. Əslində, öncədən iyulun 23-ə planlaşdırılan səfər qeyri-müəyyən səbəbdən bir gün ertələndi. Komandanın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev çarter reysinin axşam saat 21:00-dək gecikə biləcəyini desə də, sonradan məlum oldu ki, komanda Polşaya məhz bu gün yollanacaq.

“3:1 udacağıq!”

Poznana yollanacaq nümayəndə heyəti artıq saat 6-da aeroportda idi. Təyyarəyə qeydiyyat zamanı qarşılaşdığımız baş məşqçi Yunis Hüseynovu Lənkərandakı heç-heçədən sonra fikirli və narahat görəcəyimizi düşünsək də, təsəvvürümüz bizi yanıltmışdı. Daim səmimiliyi ilə diqqət çəkən 47 yaşlı mütəxəssis bəndənizlə söhbətində səfərə iddialı yollandıqlarını söylədi: “Komandamızın yenə mərhələ adlayacağını düşünürəm. Buna inamım çoxdur və mənə elə gəlir ki, Poznanda 3:1 hesabı ilə qələbə qazanacağıq”.

“Gülünc qərar”

“Xəzər Lənkəran” Polşaya getmək üçün İtaliya Hava Yollarına məxsus “Boeing-300” təyyarəsi sifariş eləmişdi. Klub prezidenti Mais Mənsimov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində lənkəranlı ziyalılar, azarkeşlər, “Palmali” Şirkətlər Qrupunun Bakı ofisinin bir neçə əməkdaşı və 4 jurnalist yer almışdı. Gözləmə zalında müxtəlif diskussiyalar gedirdi ki, bəziləri cavab matçının necə olacağı haqda fikir mübadiləsi aparır, bəziləri isə bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Zestafoni” ilə üz-üzə gələcək “Neftçi” rəhbərliyinin jurnalistləri Gürcüstana avtobusla aparmasını gülünc qərar, konkret mediaya qarşı hörmətsizlik adlandırırdılar.

Mənsimovun iradı

Gözləmə zalında klubun prezidenti Mais Mənsimovla söhbətləşmək imkanımız da oldu. Əslində, qarşıdakı görüşlə bağlı onun da fikirlərini öyrənmək iddiasında idik. Amma bəndənizi qabaqlayan Mənsimov saytımızda narazı qaldığı bir məqama elə ustalıqla toxundu ki, həmən onu düzəltməkdən başqa çarəmiz qalmadı: “İxtiyar, 2 gündü “apasport”a baxmıram. O rəhmətə gedən güləşçinin (iyunun əvvəllərində avtomobil qəzasında dünyasını dəyişən Elnur Aslanov nəzərdə tutulur – red) şəklinin görəndə ürəyim ağrıyır. Məsləhətdirsə, həmin xəbərin yerini dəyişin”.

Pilot üzrxahlığı

Artıq hamı salonda öz yerini tutub uçuşa hazırlaşırdı ki, təyyarənin kapitanı mikrofonla biz sərnişinlərə müraciət etdi. O, “Boeing”in havaya 08:00-da qalxmalı olduğunu bildirsə də, təşkilatçılar tərəfindən hansısa problem yarandığını bildirdi. Buna görə öz adından üzr istəyən pilot “dəmir qutu”sunun təxminən 1 saat gecikdiyini vurğuladı.
Təxminən 4 saat yarımlıq rahat uçuşdan sonra “Xəzər Lənkəran” Poznan Hava Limanına yetişdi. Maraqlıdı ki, polşalı jurnalistlər “ağ-yaşıllar”ı bayırda deyil, pasport qeydiyyatı aparılan məntəqədə gözləyirdilər.

1 avtobus, 3 mikroavtobus

Komandanı isə bayırda polşalı jurnalistlərdən savayı klubun vitse-prezidenti Tuyqun Nadirov gözləyirdi. Bir neçə gün əvvəldən Poznana gələn Nadirov otel seçimi ilə məşğul idi. Futbolçular komanda üçün ayrılmış avtobusla “Andersia”, azarkeşlər və jurnalistlərsə mikroaftobuslarla “Novotel” otelinə üz tutdular.

İxtiyar ƏSGƏROV
Poznandan

0