“Borussiya”nın hücumçusu Pyer-Erik Obameyanq zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Dortmund təmsilçisi rəsmi açıqlama yayıb.
Bildirilib ki, qabonlu oyunçu bu həftəsonu “Ştutqart”la Bundesliqanın 31-ci turu çərçivəsində baş tutacaq qarşılaşmanı buraxmalı olacaq. Komandanın baş məşqçisi Tomas Tuxel isə öz açıqlamasında 26 yaşlı hücumçunun gələn həftə artıq komanda ilə birlikdə məşqlərə başlayacağını deyib.
Bu həftəsonu baş tutacaq oyunlarda daha bir ulduz futbolçu yoldaşlarından kənarda qalacaq. Söhbət “Real”ın portuqaliyalı hücumçusu Ronaldodan gedir. İspaniya mətbuatında yer alan xəbərlərə görə, superulduzun yüngül zədəsi var və “kral klubu”nun çalışdırıcısı Zinəddin Zidan ona “Rayo Valeykano” ilə matçda istirahət imkanı verəcək.
Bu iki futbolçudan fərqli olaraq daha bir yüngül zədəli oyunçu Lionel Messi isə oynamağa qadirdi. Argentinalı forvard sabah baş tutacaq “Sportinq Xixon”la qarşılaşmada meydanda olacaq.