Futzal üzrə dünya çempionatının final mərhələsinə yüksələn 7 komandadan 4-ü postsovet məkanını təmsil edir. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı bu uğurda braziliyalı futzalçıların əməyi olduğu qənaətindədi.
Belə ki, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna millilər mundialın pley-off mərhələsində ümumilikdə 11 “sambaçı”nın xidmətindən yararlanıb. Millimiz bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq final mərhələsinə vəsiqəni daha çox cənubi amerikalı ilə qazanıb.
Yığmamızda 5 belə oyunçu yer alıb. Bunlar Auqusto, Amadeu, Fineo, Eduardo və Raafeldi. Rusiya millisində də gəlmələr az deyil. Şimal qonşularımız 3 milliləşən hesabına dünya çempionatına çıxıb. Bunlar Eder Lima, Robinyo və Romuludu.
Elə Qazaxıstan da eyni sayda braziliyalıya güvənib. Onlar Duqlas, İqita və Leonun köməkliyi ilə Cənubi Amerikaya vəsiqə əldə edib. Yalnız Ukrayna buna öz yetirmələri ilə nail olub.