[b]"Qarabağ"a 3 ölkədən hücumçu təklif edilib"[/b] - Musa Qurbanov
01.05.2015 - 13:05
[b]"Qarabağ"a 3 ölkədən hücumçu təklif edilib"[/b] - Musa Qurbanov

“Siyahını tərtib edib, baş məşqçi Qurban Qurbanova vermişəm. Onun cavabını gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA meneceri Musa Qurbanov deyib.

 

Ardıcıl ikinci dəfə ölkə çempionu adını qazanmağa yaxın olan “Qarabağ” heyətini bir qədər də gücləndirmək niyyətindədi. Ağdam klubu 2 mövqeyə yeni futbolçu axtarır.

 

Hücum xəttinə axtarışların davam etdiyi çoxdan bəlli idi. Baş məşqçi Qurban Qurbanov eyni zamanda, müdafiənin mərkəzinə də yeni oyunçu tələb edib.

 

Musa Qurbanovun sözlərinə görə, qardaşı fərqli ölkələrdən futbolçu alınmasını istəyir.  Hollandiyadan hücumçu gətirmək arzusu həyata keçməyən “Qarabağ”a 3 forvard təklif edilib: “Mənim bəyəndiyim 3 hücumçu var ki, onların adlarını siyahıda yazmışam. Biri Portuqaliyanın, biri isə Belçikanın yüksək liqasında çıxış edir. Üçüncüsü isə Fransanın ikinci liqa klubunun üzvüdü. Hazırda Qurbanın cavabını gözləyirik. O, seçim etdikdən sonra həmin hücumçulardan biri ilə danışığa başlanılacaq”.

 

“Qarabağ”ın orta xəttində problemin olmamağına rəğmən, komandada yeni yarımmüdafiəçi də görə bilərik. Qurbanov bildirib ki, bunun üçün qarşılarına münasib qiymətə super səviyyəli futbolçu çıxmalıdı: “Düzdü, “Qarabağ”ın yarımmüdafiəçi problemi yoxdu. Amma Qurban həmişə deyir ki, super səviyyəli futbolçu olsa, qaçırmayın. Belə bir şans düşsə, bundan yararlanmaq istəyir”.

 

Tengiz MƏMMƏDOV