Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Qəbələ”nin “Maribor”u məğlub etməsi təmsilçimiz üçün qrup mərhələsində çıxış etmək baxımından irəliyə atılmış inamlı addım oldu. Bu qələbədə meydanda mübarizə aparan futbolçularla yanaşı, baş məşqçi Roman Qriqorçukun əməyi də danılmazdı. Hətta belə demək mümkünsə, əlində olan məhdud heyətlə ən doğru qərarları verən ukraynalı mütəxəssis bu uğurda “aslan payı”nın sahibidi.
Oyundan qabaq “qırmızı-qaralar”ın kapitanı və yarımmüdafiənin əsas fiquru olan Rəşad Sadiqovun zədələnməsi azarkeşləri də, futbol ictimaiyyətini də dərin düşüncələrə salmışdı. İstər jurnalistlər, istərsə də mütəxəssislər Qriqorçukun hansı variantdan istifadə edəcəyi ilə bağlı bir xeyli “baş sındırmışdılar”.
Bir qisim Rəşadın əvəzinə onunla eyni mövqedə çıxış edən klubun yetirməsi Elvin Camalovu əsas heyətdə “görürdüsə”, digər qisim isə son çempionat oyununda bir qol və bir qol ötürməsi ilə diqqətləri cəlb edən, klubun digər yetirməsi Tellur Mütəllimov variantını daha real hesab edirdi. Bütün bunların fonunda isə, Roman müəllim, daha fərqli düşünürdü. Necə deyərlər, biz saydığımızı sayaq, görək Qriqorçuk nə sayır...
...Matçdan öncəki müsahibələrinin birində baş məşqçinin iki fikri diqqətimi xüsusi cəlb etmişdi.
1. Ona Rəşadı kimlə əvəzləməsi barəsində ünvanlanan suala veridyi “Rəqibin texniki heyətində peşəkar insanlar çalışır, ona görə bu barədə əlavə nəsə deməyə ehtiyac görmürəm, onsuz da hamı hər şeyi bilir” cavabı.
2. “Maribor” haqqında suala “Onlar hücuma sürətlə çıxırlar. Əsas üstünlükləri uzun hava topları ilə irəlidəki ucaboy hücumçunu “tapmaq”, onun isə topu arxadan gələn köməkçi forvarda endirməsi” cavabı.
Nə yalan deyim, Qriqorçukun bu fikirlərinə qədər mən “Maribor”un matçlarını izləməmişdim, təsadüfən izlədiyim oyunlar olsa belə, bu nüans diqqətimi çəkməmişdi. Ancaq ukraynalı dərsinə yaxşı hazırlaşmışdı. O, artıq diaqnozu qoymuşdu, qalırdı uyğun “dərman”ı tapmaq və “xəstəliyi” başlamamış bitirmək.
Yuxarıda qeyd etdiyim kimi, rəqibin də bizim kimi – Tellurmu, Elvinmi sualını düşündüyünü anlamışdı çalışdırıcı və buna görə də onlar üçün (elə bizə də) yaxşı sürpriz hazırlamışdı.
Belə deyək, bir fənd işlətdi və hamının maraqla gözlədiyi məlum “vakant yer”ə müdafiəçi Vitali Vernidubu buraxdı.
Bu, həm də riskli qərar idi. Çünki Vitya həmişə mərkəz müdafiəçisi kimi çıxış edib. Belə məsul oyunda iki müdafiəçinin arasına girib orda itib-batsa, orta sahə tamamilə boş qalacaqdı ki, bu da komanda üçün ciddi problem olacaqdı. Ancaq hadisələri qabaqlayaraq deyim ki, hər şey o qədər gözəl bitdi ki...
Düşünək... Niyə Vernidub? Niyə o bölgənin oyunçusu olan Elvin, Tellur yox, məhz ukraynalı? Cavab bəlkə də onun boyunda gizlidi. Demişdik axı, Roman İosifoviç dərsinə yaxşı hazırlaşıb. Uzun hava ötürmələrini yerə endirməli olan 1.93-lük Novakoviç üçün 1.94-lük Vitali. Alındımı?
Birlikdə baxaq.
- Oyunda olduğu müddətdə mərkəzdə rəqibə göz açmağa imkan verməyən ukraynalı xüsusilə də Tavaresi oyundan salmışdı.
- Matçdan qabaq müzakirə olunan uzun ötürmələrin qarşısı alındı, onların əsas ünvanı Novakoviçin isə demək olar ki, adı çəkilmədi.
- İnamlı oyunu ilə arxa xətdəki komanda yoldaşlarını – Santos və Stankoviçi də rahatlatdı.
- Əsas vəzifəsi olan dağıdıcılıqla yanaşı oyun quruculuğunda da iştirak etdi. Hücumlara çıxarkən Nika və Uiksə lazımi dəstəyi verə bildi.
Deməli, alındı.
Ancaq mənim üçün 2 sual hələ də açıq qalır:
1. Əgər Rəşad zədəli olmayıb, oynayacaq vəziyyətdə olsaydı, Qriqorçuk hansı variantdan istifadə edəcəkdi?
2. Cavab qarşılaşmasına böyük ehtimalla hazır olacaq Rəşada rəğmən heyətdə yenə Vernidubmu oynayacaq?
Nə bilmək olar, bəlkə də bizi cavab oyununda növbəti sürpriz gözləyir. Ancaq bir şey dəqiqdi ki, dünənki matçda “Maribor”u Qriqorçukun fəndi yendi.
Zaur XUDİYEV