“Trabzonspor”a transfer olunan Azərbaycan əsilli futbolçu Ramil Şeydayev Slovakiya toplanışında diqqət çəkməyi bacarıb. Apasport.az saytı xəbər verir ki, türklər 20 yaşlı hücumçunu “bordo-mavililər”in sabiq forvardı Burak Yılmaza bənzədiblər.
Qardaş ölkənin mətbuatında 187 sm boya malik olan Şeydayevin fiziki göstəricilərinə görə Burakı xatırlatdığı qeyd olunub. Qaradəniz təmsilçisinin düşərgəsinə bu günlərdə qoşulmasına baxmayaraq, Ramilin həddindən artıq istəkli olması məşqçilər korpusunu sevindirib.
Baş məşqçi Ərsun Yanalın Şeydayevin potensialını əvvəldən bildiyi və məhz onun istəyi ilə bu transferin baş tutduğu vurğulanıb. Həmkarlarımız Ramilin fərdi keyfiyyətlərinə görə isə Burakdan fərqləndiyini yazıblar.
Onların fikrincə, Şeydayev Yılmaz kimi yalnız rəqibin cərimə meydançası daxilində bitirici rolunu oynamır və ya təkcə uzaq məsafədən zərbələri ilə ön plana çıxmır. Şeydayev, həmçinin, topla irəliləmək və hücumun sivri ucunda topu saxlayaraq, cinahları “işə salmaq” bacarığına da sahibdi. Üstəlik, əksər hündürboy hücumçulardan fərqli olaraq, zərbə vurmaq potensialı daha yüksəkdi.
Qeyd edək ki, atası azərbaycanlı, anası isə rus olan Ramil Şeydayev millimizdə oynamaq istəyi ilə bağlı AFFA-ya müraciət edib.