İyunun 7-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Serbiya yığması Avstriyada baş tutacaq görüşdə fərqli heyətlə çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb iki futbolçunun uzun fasilədən sonra yenidən milliyə qayıtmasıdı.
Bunu balkanlıların baş məşqçisi Radovan Çurçiç açıqlayıb. O bildirib ki, Portuqaliyada “Benfika”nın şərəfini qoruyan Miralem Suleymani və Lyubomir Feysa yenidən Serbiya yığmasına çağırılacaq.
Sonuncu dəfə 14 ay əvvəl milli forma geyənlərin hazırkı durumundan məmnun qalan mütəxəssis onlara güvənməyi lazım bilib. Bu da daha çox iyunun 13-də baş tutacaq AVRO-2016-nın seçmə mərhələsinin Danimarka ilə qarşılaşmasının vacibliyi ilə bağlıdı.
Serbiyalılar üçün az qala həlledici xarakter daşıyan Kopenhagendəki görüşdən öncə baş tutacaq Azərbaycanla oyun isə balkanlılar üçün böyük məşq təsiri bağışlayır. Milli çempionatların başa çatmasından sonra uzun fasilənin olmasından narazı qalan Çurçiç yetirmələrinin oyun praktikasından əziyyət çəkməməsi üçün yoxlama görüşündən yararlanacaq.
Baş məşqçi 2 oyuna hazırlıqla bağlı planlarını da açıqlayıb: “İyunun 1-də Staro Pazovda bir araya gələcəyik. Branislav İvanoviç və Nemanya Matiç 3-4 gün sonra bizə qoşulacaq. Avstriyaya ayın 5-də yollanıb, 7-də Azərbaycanla üz-üzə gələcəyik. Bu görüşdən sonra daha 4 gün bu ölkədə qalıb, oradan birbaşa Kopenhagenə üz tutacağıq”.
Qeyd edək ki, Azərbaycan – Serbiya oyunu Avstriyanın Sankt Pölten şəhərindəki “NV Arena” stadionunda keçiriləcək.