Rəşad Sadıqov: “Zalsburq”u müəyyən qədər “Brügge”yə oxşadıram - MÜSAHİBƏ
23.07.2014 - 13:03
Rəşad Sadıqov: “Zalsburq”u müəyyən qədər “Brügge”yə oxşadıram - MÜSAHİBƏ

Zədəli olduğuna görə Malta “Valletta”sı ilə Çempionlar liqasının II təsnifat mərhələsinin hər iki oyunu tribunadan izləyən “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Oyunu kənardan izləmək çətin deyil?

- Həm də çox çətin, ağır idi. Xüsusilə də oyun başlayana qədər çox gərgin olursan. Matç başladıqdan sonra başın oyuna qarışır. Oynamaq istəyirdim. 8 ilə yaxındır ki, Çempionlar Liqasının oyununda iştirak etmirdim. Azarkeşlər də stadionu doldurmuşdular. Görünür, qismət deyilmiş.

 

- Qol vurulan vaxt elə də emosional şəkildə sevinmirdin. Narahat olduqun məqam vardı?

- Elə də fikir vermirdim. Ola bilsin yorğun idim.

 

- Əslində, “Valletta” ilə cavab oyununa hazır idin. Amma baş məşqçi adınızı protokola daxil eləmədi. Qurban Qurbanovun “Zalsburq”la oyunöncəsi komandanın bir hissəsini gizlətdiyini düşünmək olarmı?

- Elə bir şey yox idi. Hazır idim və ən azı bir hissə oynamaq istəyirdim. Amma sonradan belimdə yüngül ağrılar hiss etdim. Həkimlər məsləhət gördülər ki, özümü bir qədər gözləyim. Qarşıdakı oyunlarda isə vəziyyətə baxacağıq, oynayıb-oynamayacağım hələ dəqiq deyil.

 

- Artıq “Zalsburq” haqda necə, danışmaq olarmı?

- İndi olar. Rəqib haqda geniş məlumata sahib deyiləm. Hətta onların iştirakı ilə keçirilən oyunların videogörüntüləri də sayta qoyulmuşdu. Ancaq baxmamışam. Çünki “Valletta” ilə matç haqda düşünürdük. “Zalsburq”un güclü komanda olduğunu bilirik. Onlar neçə ildir avrokuboklarda çıxış edirlər, iddialı komandadır. İlk oyunumuzu doğma meydanda keçirəcəyik. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq.

 

- “Qarabağ”ın Avropa Liqasında Dortmund “Borussiya”sı, “Tvente”, “Brugge”, “Ayntraxt” kimi güclü və təcrübəli komandalara qarşı oyunları olub. “Zalsburq”u oyun planında bu komandalardan hansı ilə müqayisə edə bilərsiniz?

- Rəqibi hələ yaxşı analiz etməmişik. Fikir yürütmək çətindir. Onları müəyyən qədər “Brügge”yə oxşadıram. Yenə deyirəm, “Valletta” ilə matçöncəsi fikir dağınıqlığı yaranmaması üçün oyunlarına çox baxmamışıq. Bundan sonra “Zalsburq”la oyuna hazırlaşacağıq.

 

- Rəqib futbolçular aqressiv oynayan vaxtı meydana girib, onlara qarşı hansısa hərəkət etmək heç ağlınızdan keçdimi?

- Yox. Çünki biz də uduzduğumuz oyunlarda rəqibə qarşı dəfələrlə aqressiv hərəkətlər etmişik. Futbolda belə şeyləri normal qəbul etmək lazımdır. Uduzanda bəzən emosiyalarını cilovlaya bilmirsən.

 

- Adətən güclü rəqiblə qarşılaşacağını biləndə bir qədər düşünürsən, müəyyən mənada məğlubiyyəti də ağlından keçirirsən. Bu dəfə necə, “Zalsburq”la oyunlarda müsbət nəticəyə ümid çoxdurmu?

- Heç vaxt nə uduzmaq, nə də udmaq haqda düşünmüşük. Sırf oyunumuz haqda fikirləşmişik. Oynayacağıq, qismətimizdə nədirsə, o da olacaq.