“Yeni səhifə yazmaq istəyirik. Uğurlu geri dönüş etmək baxımından Azərbaycanla oyun bizim üçün çox vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç deyib.
İyunun 7-də yığma komandamızla yoxlama görüşündə üz-üzə gələcək Serbiya millisi bundan 6 gün sonra Danimarka ilə Avro-2016-nın seçmə mərhələ qarşılaşmasında münasibətlərini ayırd edəcək.
21 yaşlı forvard Avropa çempionatının final mərhələsi yolunda Azərbaycanla matçın xüsusi rol oynadığını düşünür: “Qrupda vəziyyətimizin yaxşı olmadığını başa düşürük. Amma biz bu durumu düzəldə bilərik. Bunun üçün öncə Danimarkanı Kopenhagendə məğlub etməyə borcluyuq. Yenidən qələbə ruhunu qaytarmaq üçün isə ilk növbədə Azərbaycanla görüşü yüksək səviyyədə keçirməli və qalib gəlməliyik. Belədə Danimarkaya da yüksək əhvali-ruhiyyədə yollanmış olarıq. Fikrimcə, qrupda ikinci və ya üçüncü yeri tuta bilərik”.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İ qrupunda yer alan Serbiya yığmasının aktivində 4 turdan sonra cəmi 1 xal var.