[b]Sükutu pozan futbolçu, cansıxıcı 45 dəqiqə, Yusifovun “quş”ları [/b]
29.02.2016 - 11:26
[b]Sükutu pozan futbolçu, cansıxıcı 45 dəqiqə, Yusifovun “quş”ları [/b]

Topaz Premyer Liqasının XXIII turunda keçirilən “Zirə” – “Neftçi” oyunu bir neçə maraqlı məqamla diqqət çəkdi. Əvvəla “Zirə” rəhbərliyinin jurnalistlər üçün canfəşanlığını qeyd etməmək doğru olmaz. Zirəyə getməyin çətinliyini anlayan klub media əməkdaşlarını yenə avtobusla təmin etmişdi. Mətbuat xidməti də stadionda rahat çalışmağımız üçün əlindən gələni etdi. Ancaq 90 dəqiqə ərzində meydanda sərgilənən futbol və oyunətrafı hadisələr heç də ürəkaçan deyildi.

 

Anyetenin hörmətsizliyi

 

Xocalı faciəsinin qurbanlarının və oyundan bir gün öncə dünyasını dəyişən Tofiq Bəhramov adına Respublika stadionunun keçmiş direktoru Akif İsmayılovun xatirəsini yad etmək üçün əvvəlcə bir dəqiqəlik sükut elan olundu. Bütün futbolçular meydanın mərkəzinə yığışdığı bir vaxtda “Neftçi”nin hücumçusu Antonio Quinta “Zirə”nin “texniki zona”sına tərəf qaçaraq, rəqib futbolçu Luis Diezlə görüşdü. Özü üçün məşq edə-edə də geri qayıtdı. Futbolçu komanda yoldaşlarının yanına çatdıqdan bir neçə saniyə sonra sükut bitdi. Bildiyim qədərilə bir dəqiqəlik sükut təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində, hətta Quintanın vətəni olan İspaniyada da olur. Amma qısaca Anyete kimi tanıdığımız futbolçu ya buna məhəl qoymurdu, ya da sükut nədi bilmir. Ona bunu başa salmaq isə bizim işimiz deyil.

 

Məşq meydançasından fərqlənməyən stadion

 

“Zirə”nin stadionu təktribunalı olduğundan, orda əsl futbol atmosferi yaratmaq sadəcə, mümkün deyil. Yüksək liqa oyununun keçirildiyi stadion adi məşq meydançasından fərqlənmirdi. Ancaq azarkeşlər azacıq da olsa, oranı canlandırmağa çalışırdılar. Təbii ki, “Neftçi” fanatları daha fəal idilər. Qonaqlar, xüsusən də, birinci hissədə bir saniyə də olsun dayanmadılar. Ev sahiblərindən fərqli, qonaq fanatlar şüarlar səsləndirir, mahnılar oxuyurdular. Hiss olunurdu ki, “Neftçi” azarkeşləri bu baxımdan olduqca təcrübəlidilər. Hətta onlar oyun saat 15:00-a salındığı üçün PFL-ə etirazlarını şüarla çatdırdılar.

 

Araza 4 dəqiqəlik cəza

 

Düzü, “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevin 20-30-cu dəqiqələr aralığında əvəzetməyə əl atacağını gözləyirdim. Çünki Abdullayev belə manevrləri sevir. Üstəlik, komandası düz-əməlli hücum da edə bilmirdi. Yəqin ki, Elşən Abdullayev bu dəfə yaxşı təsir bağışladığı üçün baş məşqçi ənənəni pozdu. O, matçda varlığı ilə yoxluğu bilinməyən Anyeteyə 45 dəqiqə dözə bildi. Yaxşı formada olan Rəhman Hacıyevin, eləcə də komandanın aparıcı üzvü Araz Abdullayevin ilk “11-lik”də olmaması da gözlənilməz addım idi. İkincinin sona 4 dəqiqə qalmış meydana daxil olması isə məşqçinin, bəlkə də, ona tətbiq etdiyi cəza tədbiridi.

 

Fariz Yusifov ikinci "qırmızı"ya cürət etmədi

 

Gələk əsas məsələlərə. Baş hakim Fariz Yusifovun idarəçiliyi ürəkaçan deyildi. Əvvəlcə 20-ci dəqiqədə Cavid İmamverdiyev rəqibin cərimə meydanı yaxınlığında müdafiəçinin müdaxiləsindən sonra yerə yıxıldı. Yusifov fiti ağzına tərəf aparsa da, son anda nə fikirləşdisə, qərarından vaz keçdi. Top qonaqlara da düşməmişdi ki, “davam” işarəsi göstərsin. Bir epizodda “Zirə”nin qapısı qarşısına ötürməni sabiq FİFA referisi özü kəsdi və hücum dayandı. Fasilə ərəfəsində Cavid İmamverdiyev qapıya 25-30 metrlik məsafədə yerə yıxıldı. Yusifov isə simulyasiyanı əsas gətirərək, ikinci “sarı” ilə onu meydandan qovdu. İmamverdiyev, həqiqətən də, simulyasiya etmişdi. “Neftçi” də buna görə, ilk növbədə futbolçusunu qınamalıdı. Baş hakim futbol qaydalarının tələblərini yerinə yetirdi. Amma belə oyunda bu cür “qırmızı”, fikrimcə, ağır qərardı. Amma Yusifov 54-cü dəqiqədə futbol qaydalarına arxa çevirdi. Çünki Ruslan Qurbanov həmin dəqiqədəki kobud oyunu ilə minimum sarı vərəqəyə layiq idi. Hücumçunun passivində bir “sarı” olduğundan, baş hakim “Neftçi”ni meydanda 9 nəfərlə qoymağa bu dəfə cürət etmədi. İlk dəqiqələrdən əsəbi görünən və sərt hərəkətləri ilə diqqət çəkən Qurbanovu isə baş məşqçi Əsgər Abdullayev həmin epizoddan sonra əvəzlədi. 74-cü dəqiqədə sərbəst zərbə zamanı top dayanmamış Aqil Məmmədov onu müdafiəçiyə ötürdü. Bunu isə nə baş, nə də yan xətt hakimi gördü. Halbuki bu, hakim yox, qayda pozuntusudu. Belə səhvə görə, Avropada oyunu yenidən keçirənlər olub. Fariz Yusifov son səhvini isə paltardəyişmə otağında edib. Belə ki, “Zirə” qarşılaşmada hesabı 68-ci dəqiqədə açsa da, təcrübəli hakim protokolda Nelson Bonillanın 24-cü dəqiqədə fərqləndiyini yazıb.

 

İki məhəllə komandasının mübarizəsi

 

O ki qaldı oyuna, meydanda Premyer Liqanın yox, sanki iki məhəllə komandasının qarşılaşmasını izlədik. Biri çempionatda ikinci pillədə qərarlaşan komanda, digəri isə ölkənin ən köklü klubu. Amma birinci hissə sözün həqiqi mənasında qapısız keçdi. Çünki 45 dəqiqə ərzində qapıya bir dəfə də olsun zərbə görmədik. “Neftçi” azlıqda qalmasaydı, əminəm ki, sona qədər belə davam edəcəkdi. Çərçivəyə doğru ilk zərbə 66-cı dəqiqədə vuruldu ki, “Neftçi”nin bu həmləsinin cavabında “Zirə” hesabı açdı. Ümumiyyətlə, hər iki komanda qarşılaşma ərzində çərçivəyə cəmi 3 zərbə vura bildi. Qonaqlar Kamal Bayramov səddinə ilişdilərsə, ev sahiblərinin hər 3 zərbəsində top tora daxil oldu. Matçdan sonra “Zirə”nin baş məşqçisi Adil Şükürov komandasından ağızdolusu razılıq bildirdi. Amma 90 dəqiqəyə 3 zərbə vuran komanda tərifəlayiq deyil. “Neftçi”nin isə indi yalnız adı qalıb.

 

Ruslan SADIQOV