Tomas Duli: Foqtsdan öyrənmək istəyirəm
05.03.2014 - 10:10
Tomas Duli: Foqtsdan öyrənmək istəyirəm

“Malayziya ilə oyun kimi Azərbaycanla matç da bizim üçün ideal olacaq. Hər bir futbolçumuz güclü rəqiblərlə oyunun gərginliyini dərk etməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin baş məşqçisi Tomas Duli deyib.

 

Ötən ay Asiya təmsilçisinin “sükanı arxasına” keçən çalışdırıcı bu gün Azərbaycan millisi ilə keçiriləcək yoxlama oyunu ərəfəsində açıqlama verib. Duli 4 gün əvvəl Malayziya ilə qolsuz heç-heçə ilə nəticələnən qarşılaşmadan danışıb: “Malayziya ilə qarşılaşmanı iki dəfə izlədim. Komandamızdan razı qaldım. Oyundan əvvəl qısa müddət hazırlıq keçmişdik. Göstərdiyimiz oyun gözəl deyildi, amma yaxşı idi. Futbolçularımız nə isə etməyə çalışırdı. Debütantlardan da razı qaldım”.

 

Almaniya əsilli ABŞ vətəndaşı olan Dulu həmyerlisi, millimizi çalışdıran Berti Foqtsun yetirmələri ilə görüşdən məşqçi kimi də qazanmaq istəyir: “Berti Foqts yaxşı məşqçidir. Bu qarşılaşmada ondan nə isə öyrənmək istəyirəm. Onun gördüyü işlər göz qabağındadır. Mən də öz yetirmələrimlə eyni işi görməliyəm”.

0