Ara transfer dönəmində 336.5 milyon avro xərcələyərək dünyanın dörd bir yanından futbolçular alan və bununla da dünyanın ən bahalı çempionatı olan Çin Super Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk matçı türk futbolçu Ersan Gülüm üçün xüsusilə, yaddaqalan olub.
Belə ki, qış transfer pəncərəsi zamanı 6 milyon avroya “Beşiktaş”dan “Hebey Fortuna” klubuna transfer olunan müdafiəçi ilk matçının 11-ci dəqiqəsində böyük talehsizlik yaşayıb. Türk futbolçu topu öz qapısına vuraraq rəqib komandanı önə keçirib.
Maraqlıdı ki, bu qol Çin Super Liqasının bu mövsümkü ilk qolu kimi tarixə düşüb. Oyunçu isə çox keçmədən günahını yumağı bacarıb. 28-ci dəqiqədə matçda ikinci dəfə fərqlənən Ersan bu dəfə rəqib qapını nişan alıb.
Qarşılaşmada son nöqtəni isə “Hebey Fortuna”nın “Roma”dan rənglərinə qatdığı Jervinyo qoyub. Oyun bu hesabla da sona çatıb.