Azərbaycan millisinin mayda keçiriləcək təlim-məşq toplanışı zamanı Ukrayna yığması ilə qarşılaşması yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Artyom Frankov açıqlayıb.
“Futbol” jurnalının baş redaktoru olan ukraynalı bildirib ki, maddi məsələlər yığmanın planlarına təsir edib. Belə ki, AVRO-2016-nın final mərhələsinə hazırlaşan yığma mayın 29-da İtaliyada Rumıniya, iyunun 2 və ya 3-də Albaniya, 6-da isə Moldova ilə üz-üzə gəlməli idi.
Frankov sonuncu oyunla bağlı planlar düyünə düşüb: “Moldova ilə oyunun keçirilməsi sual altına düşüb. FİFA agenti oyunu təşkil etmək üçün 140 min avro tələb edir. Digər şirkət isə bunu 80 minə reallaşdıra bilər. Moldova federasiyası artıq birinci şəxslə müqavilə imzalayıb və heç bir qərar qəbul edə bilməz. Bu yoxlama matçındakı rəqibin Azərbaycanla əvəz edilməsi mümkündü”.
Qeyd edək ki, Ukrayna ilə Azərbaycan yığmaları arasında oyun martın əvvəlində də gündəmə gəlmişdi. O vaxt ukraynalıların toplanışdakı ilk rəqibinin Azərbaycan yığması olması variantı yaransa da, sonda seçim Rumıniyanın üzərində dayandırılıb.