Ulduz futbolçu karyerasını bitirdi
13.06.2016 - 14:42
Ulduz futbolçu karyerasını bitirdi

Norveçin məşhur futbolçusu Yon-Arne Riise karyerasını bitirdiyini açıqlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Olesun”un veteran müdafiəçisi bunun üçün mövsümün sonunu gözləməyə ehtiyac duymayıb.

 

Norveçdə mövsüm davam etsə də, 36 yaşlı Riise artıq kifayət qədər futbol oynadığını söyləyib: “Karyeramı bitirmək qərarına gəldim. Bunu mövsümün sonunda yox, indi etməyi məqsədəuyğun bildim. Müqaviləyə xitam verilməsi barədə “Olesun” klubu ilə anlaşdım. Futbol oynamaqdan xoşum gəlir. Ancaq bu idman növü artıq mənə sevinc bəxş etmir. Norveçdə 40 yaşa qədər oynamaq olar. Ancaq mən bu qədər uzatmağa ehtiyac duymuram. 20 illik peşəkar futbolçu karyeram mənə bəs etdi”.

 

Qeyd edək ki, Yon-Arne Riise daha çox “Liverpul”dakı çıxışı ilə xatırlanır. 2001-2008-ci illərdə “qırmızılar”ın formasını geyinmiş sabiq müdafiəçi daha sonra müvafiq olaraq “Roma”, “Fulhem”, APOEL, “Delhi” və “Olesun”da çıxış edib. Karyerasına 1996-cı ildə məhz “Olesun”da başlamış Riise “Liverpul”dan öncə 3 il də “Monako”nun formasını geyinib. O, 2000-2013-cü illərdə də Norveç millisinin heyətində 110 matçda meydana çıxıb.