Zidan illər sonra etiraf etdi – “Asfaltda futbol oynayırdıq”
05.06.2026 - 01:16
Zidan illər sonra etiraf etdi – “Asfaltda futbol oynayırdıq”

Fransa millisinin və “Real”ın sabiq futbolçusu Zinəddin Zidan “Yuventus”da çıxış etdiyi dövrlə bağlı maraqlı xatirəsini bölüşüb.

Apasport.az xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi bu barədə “These Football Times”a açıqlama verib.

Zidan “Yuventus”da komanda yoldaşı olmuş Edqar Davidslə Turin küçələrində futbol oynadıqlarını bildirib. Fransalı sabiq futbolçu həmin vaxt bunun riskli olduğunu düşündüyünü deyib:

“Yuventus”da çıxış edərkən Edqar Davids məhəllələrdə futbol oynamaq istəyirdi. Mən ona hər gün məşq etdiyimizi və zədələnə biləcəyimizi deyirdim”.

Zidanın sözlərinə görə, Davids onun bu yanaşmasına zarafatla cavab verirmiş:

“O da mənə, “Dəyişmisən, Zidan, haradan gəldiyini unutmusan”, – deyirdi”.

Sabiq futbolçu daha sonra Davidsin israrlarına tab gətirmədiyini və bir neçə dəfə Turində qeyri-adi şəraitdə futbol oynamağa getdiyini xatırladıb:

“Sonra onun israrlarına dözməyib Turində bir neçə dəfə dayanacaqda və asfalt üzərində futbol oynamağa getdim. Tanınmamaq üçün balıqçı papağı taxırdıq”.

Zidan həmin günləri xoş xatirə kimi xatırlasa da, bunun eyni zamanda riskli addım olduğunu vurğulayıb:

“Çox əyləncəli idi, amma eyni zamanda dəlilik idi”.

Qeyd edək ki, Zinəddin Zidan 1996–2001-ci illərdə “Yuventus”un formasını geyinib. Fransalı ulduz Turin klubunda 2 dəfə İtaliya çempionu olub.