Qrup hərəkətləri komandamız Paris-2024-ə vəsiqə qazanıb
26.05.2024 - 00:06
Qrup hərəkətləri komandamız Paris-2024-ə vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az xəbər verir ki, yığmamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu hüquqa yiyələnib.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət Azərbaycan millisi çoxnövçülükdə Olimpiya normativini yerinə yetirib. Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komandamız Olimpiadaya vəsiqə əldə edib.

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanıb.

0