[b]AÇ-2016: Bürünclə sevinən şimallılar[/b]
03.05.2016 - 15:29
[b]AÇ-2016: Bürünclə sevinən şimallılar[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 38 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını B qrupunun ikincisi ilə davam etdirir. 

 

Püşkatmada 2-ci səbətdə yer alan Rusiya yığması Azərbaycan azarkeşlərinə də kifayət qədər yaxşı tanışdı. Uzun illər eyni ölkədə  - SSRİ-də yaşadığımızdan şimal qonşularımızla vahid milli komandanın uğurlarına sevinmişik. İndi də bəziləri Rusiyanı ilk Avropa çempionu olan SSRİ yığmasının davamçısı saysa da, əslində şimallılar 1992-ci ildən müstəqil komanda kimi çıxış etməyə başlayıb. Bu qısa müddətdə özünə bütün dünyada tanına biləcəyi ləqəb qazanmayan Rusiyaya bəziləri şimallılar, bəziləri isə elə onların öz dilində “sbornaya” adı qoyub.

 

Bu komanda 24 illik tarixinin ən böyük uğurunu məhz AÇ-lərdə qazanıb. 8 il əvvəl qonşularımız Avstriya və İsveçrədəki final mərhələsinin yarımfinalında uduzduğu üçün bürünc medallara yiyələnib.

 

AVRO-2016-ya çətinliklə çıxan rusiyalılar tsikl boyu oyunlardan çox Fabio Kapelloya enerji sərf edib. İtaliyalı baş məşqçi ilə yollarını maliyyə məsələsi üzündən çətinliklə ayırmağa nail olan şimallılar yerli çalışdırıcıya güvənib. Leonid Slutskinin rəhbərliyi altındakı ardıcıl 4 qələbə qonşularımızı qrup ikincisi edib.

 

Avstriyaya hər iki matçda uduzan şimallılar İsveçlə çox vacib oyun öncəsi məşqçisini dəyişib. Zlatan İbrahimoviçli rəqib üzərində qələbə isə Slutskinin yetirmələrinin işinə yarayıb. Yeni baş məşqçi komandada ciddi kadr və taktiki dəyişiklik etmədən yalnız psixoloji durumu düzəltməyi lazım bilib.

 

4-2-3-1 sxeminə güvənən şimallıların qapısını uzun müddətdi İqor Akinfeyev qoruyur. Müdafiənin sağında İqor Smolnikov əsas sima sayılsa da, zədədən dönən Sergey Parşivlyuk bu mövqedə rəqabət yaradıb. Müdafiənin mərkəzində ləng olsalar da, təcrübələri ilə öyünə bilən Sergey İqnaşeviçlə Vasili Berezutski çıxış edir. Lakin sonuncunu qardaşı Aleksey də əvəzləyə bilər. Sol cinahda son vaxtlar geriləyən Dmitri Kombarovla əvvəlki oyununu qaytarmaq üzrə olan Yuri Jirkovun çıxış etməsi mümkündü.

 

Dayaq yarımmüdafiəçisi mövqeyinə namizədi çox olan Slutski Kapellonun sevimlisi İqor Denisov, komandanın kapitanı Roman Şirokov və Denis Qluşakov arasında seçim etməli olacaq. Lakin Pavel Mamayevin də son aylardakı inkişafı mütəxəssisin diqqətindən yayınmamalıdı.

 

Yarımmüdafiənin istənilən nöqtəsində faydalılığı ilə seçilən Oleq Şatov isə böyük ehtimalla sağdan qərarlaşacaq. Solda isə nominal hücumçulardan birinin yer alması gözləniləndi. Bu mövqeyə əsas namizədlər Aleksandr Kokorinlə Denis Çerışevdi. Sonuncu La Liqada “Valensiya”nın şərəfini qoruduğundan daha şanslıdı.

 

Şimallıların uğur qazanması daha çox Alan Dzaqoyevdən asılı olacaq. Komandasının oyun qurucusu qonşularımızı arxasınca aparmalıdı. Kokorinin hücumun sivri ucunda yer alması da istisna deyil. Düzdü, ön xətdə oynamağa Artyom Dzyuba da iddia edir. Əvvəlki formasını bərpa etməkdə olan Aleksandr Kerjakovun da bombardirlik keyfiyyətlərinə ehtiyac yaranması mümkündü.

 

Lakin Slutskinin sərəncamında Oleq Kuzmin, Aleksey İonov, Oleq İvanov, Vladimir Qranat kimi oyunçular da var. Düzdü, Pavel Poqrebnyakın da yığmaya dönməsinə ümid edənlər az deyil. Lakin bunun üçün o, əvvəlki formasını tam bərpa etməlidi. Fransada mümkün qədər yaxşı nəticəyə iddialı olan Rusiya millisi çətin ki, İngiltərə ilə qrup birinciliyi uğrunda mübarizə apara bilsin. Slovakiya və Uelslə təxminən eyni gücə malik qonşularımız 1/8 finala 2-ci yerlə çıxmağa ümid edə bilər.

 

Son 3 yoxlama oyunundan ikisində - Xorvatiyaya 1:3, Fransaya 2:4 hesabı ilə uduzan şimallılar böyük uğur qazanmaq iqtidarında olmadığını bir daha göstərib. Düzdü, qonşularımız Litvanı 3 cavabsız qolla məğlub edə bilib. Amma Baltikyanı ölkə təmsilçisinin gücü hamıya bəllidi.

 

FİFA reytinqində: 27-ci yer

Ləqəbi: Şimallılar

İlk oyun: Meksika – 2:0 (1992)

Ən böyükhesablı qələbə: San-Marino – 7:0 (1995), Lixtenşteyn – 7:0 (2015)

Ən böyükhesablı məğlubiyyət: Portuqaliya – 1:7 (2004)

Titulları: yoxdu

Ən çox oyun: Sergey İqnaşeviç (115)

Ən çox qol: Aleksandr Kerjakov (30)

Final mərhələsinə yolu: G qrupunda II yer: 6 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi 21-5, 20 xal

Avstriya - 0:1, 0:1*         

İsveç – 1:0, 1:1

Monteneqro – 2:0, +:-

Lixtenşteyn – 4:0, 7:0

Moldova – 1:1, 2:1

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – SSRİ-nin tərkibində

1964 – SSRİ-nin tərkibində

1968 – SSRİ-nin tərkibində

1972 – SSRİ-nin tərkibində

1976 – SSRİ-nin tərkibində

1980 – SSRİ-nin tərkibində

1984 – SSRİ-nin tərkibində

1988 – SSRİ-nin tərkibində

1992 – MDB-nin tərkibində

1996 – qrup mərhələsi

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – qrup mərhələsi

2008 – 3-cü yer

2012 – qrup mərhələsi

Baş məşqçi: Leonid Slutski

Kapitan: Roman Şirokov

AVRO-2016-da oyunları:

11 iyun. 23:00. İngiltərə - Rusiya

15 iyun. 17:00. Rusiya – Slovakiya

20 iyun. 23:00. Rusiya – Uels

 

 

0