[b]Katarjina Skovronska: Bakıda gözlərim yaşla doldu - MÜSAHİBƏ[/b]
15.07.2015 - 12:20
[b]Katarjina Skovronska: Bakıda gözlərim yaşla doldu - MÜSAHİBƏ[/b]

“Rabitə”nin sabiq voleybolçusu Katarjina Skovronska Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə 2 dəfə Super Liqanın qalibi və 1 dəfə Çempionlar Liqasının gümüş medalçısı olan ulduz oyunçu paytaxtımızda keçirilən I Avropa Oyunları barədə danışıb. Yeni mövsümdə vətənində “İmpel”in şərəfini qoruyacaq Polşa millisinin lideri Bakı-2015-də qazandıqları gümüş medalı yüksək qiymətləndirib.

 

- Avropa Oyunlarındakı medal 2 qat qitə çempionu üçün hansı əhəmiyyətə malikdi?

- Gümüş mükafat mənim üçün çox dəyərlidi. Çünki Bakı-2015 ilk Avropa Oyunları idi. Təbii ki, kolleksiyamda belə medal yox idi. Ümumiyyətlə, mükafatları vacib olan və olmayanlara bölmürəm. Hər biri sevinc bəxş edir. Əlbəttə, qızıl istəyərdim. Çünki onun rəngindən xoşum gəlir. Amma bir məsələ də var ki, yarış başlamazdan öncə kimsə mənə gümüş medal və reytinqdə 48 xal versəydi, oynamadan razılaşardım. Gümüş də çox gözəl mükafatdı. İstənilən halda qadına hər hansı mənasız nəsə verdikdə də o xoşbəxt olur. Bu üzdən də boynumdan medal asılanda, gözlərim yaşla doldu.

 

- Əksər rəqiblərinizin Bakıya əsas heyətlə gəldiyini nəzərə alsaq, nəticənizin dəyəri artır.

- Təbii ki, belədi. Çox çətin qrupa düşmüşdük. Bu mərhələdə Türkiyəni 3:2 hesabı ilə məğlub etsək də, qızıl medal uğrunda görüşdə onlara uduzduq. Nəticədə ikinci yeri tutduq. Düzdü, finalda məğlub olmaq bir qədər üzücüdü, amma yeri tutmağımız bizi razı saldı.

 

- Amma bir çoxları nəticənizdən narazı qalaraq, komandanı tənqid edib. Buna münasibətiniz necədi?

- Yeni məşqçi ilə qısa müddətdə belə bir komanda yaradıb, fəxri kürsüyə qalxa bildik. Daha çox vaxtımız olsaydı, nəticəmiz də bundan yaxşı olardı. Biz “bir nəfər hamı, hamı bir nəfər üçün” devizi ilə çalışırıq. Özü də tək meydanda deyil, ondan kənarda da.

 

- Bakıdakı yarış yığmanın hansı potensialını üzə çıxardı?

- Komandamızın parlaq gələcəyi var. Ehtiyat qüvvəmiz çox böyükdü. Amma bizə vaxt lazımdı. Bakıdakı yarış üçün hazırlığa vaxtımız az idi. Bu üzdən də nəticə ikiqat sevindirici oldu.

 

- Sentyabrda Avropa çempionatı start götürəcək. Avropa Oyunlarında iştirak edən yığmalar da Belçika və Hollandiyada təşkil olunacaq yarışa qatılacaqlar. Burada şansınızı necə qiymətləndirirsiz?

- Biz ilk növbədə Rioya lisenziya qazanmağı hədəfləmişik. Bu, Olimpiadaya vəsiqələr uğrunda mübarizənin startıdı. Olimpiya Təsnifat Turnirində iştirak etməkdənsə, burada birbaşa vəsiqə qazanmaq iddiasındayıq.

0