"Heydər Əliyev kuboku" yekunlaşdı
10.05.2024 - 22:37
"Heydər Əliyev kuboku" yekunlaşdı

Naxçıvanda voleybolçu qızlar arasında "Heydər Əliyev kuboku" uğrunda turnir keçirilib.

Apasport.az xəbər verir ki, yarış muxtar respublikanın 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Final matçında “Naxçıvan” və “Sədərək” komandaları qarşılaşıblar. Oyun sədərəkli voleybolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sədərək” komandası yarışın əsas simvolu olan “Heydər Əliyev Kuboku”na layiq görülüb. "Naxçıvan" ikinci, Culfanı məğlub edən “Kəngərli” isə üçüncü yeri tutub.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər. Birinciliyin rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib. İlk üç yerin sahibinə diplom, medallar və kuboklar təqdim edilib.

Qeyd edək ki, "Heydər Əliyev kubokunda 8 komanda mübarizə aparıb.

0