Dünya kubokuna 32 namizəd: Bafana-Bafana
06.05.2010 - 12:18
Dünya kubokuna 32 namizəd: Bafana-Bafana
CAR-da keçiriləcək dünya çempionatının startına 36 gün qalıb. Apasport.az saytı bu gündən etibarən mundial iştirakçılarının təqdimatına başlayır. Təqdimatı A qrupundan başlayıb, tanışlıq üçün ilk komanda kimi meydan sahiblərini seçmək qərarına gəldik.

Dosye
Federasiya: South African Football Association (Cənubi Afrika Futbol Assosiasiyası)
Federasiya prezidenti: Kirsten Nematandani
Assosiasiyanın yaranma tarixi: 1991
1992-ci ildən FİFA və KAFA-nın üzvüdür.
Ləqəbi: Bafana-Bafana
Rəngləri: sarı və yaşıl
Baş məşqçi: Karlos Alberto Parreyra (Braziliya)
Tarixinin ilk oyunu: Argentina 0:1 (1906-cı il)
Yığmada ən çox oyun keçirənlər: Aaron Mokoena (99), Benni Makkarti (83), Mark Fiş (78)
Yığmada ən çox qol vuranlar: Benni Makkarti (35), Şon Bartlett (28), Fil Masinqa (18)
Ən məşhur futbolçuları: Forçun, Makkarti, Mokoena, Fiş, Pienaar, Vonk, Radebe, Zuma, Nomvete, Bartlett.

Nailiyyətləri
Afrikalılar tarixlərində üçüncü dəfə mundialın final mərhələsində mübarizə aparacaqlar. 1998-ci ildə Fransa, Danimarka və Səudiyyə Ərəbistanı ilə eyni qrupda yer alan Bafana-Bafana yalnız asiyalıları arxada qoyaraq, üçüncü olmuşdu. Elə 4 il sonra da qrup üçüncüsü olub və 1/8 finala həsrət qalıb. Bu dəfə Sloveniyanı arxada qoyan CAR millisi İspaniya və Paraqvaydan geri qalıb.

Bafana-Bafana Afrika kubokunda daha uğurla çıxış edib. 1996-cı ildə finalda Tunisi 2:0 hesabı ilə məğlub edərək, çempionluğa qovuşan CAR yığması iki il sonra həlledici matçda eyni hesabla Misirə uduzub. Bu, onların sonuncu finalı olub.

DÇ yolunda
Meydan sahibi kimi seçmə mərhələdən azad olan CAR bu ilin qışında keçirilən Afrika Millətlər Kubokunun seçmə mərhələsində uğursuz çıxış etdi. Qitə birinciliyindən kənar qalan komanda seçmə oyunlarında Nigeriya (0:2, 0:1), Syerra-Leone (0:1, 0:0), Ekvatorial Qvineya (4:1, 1:0) ilə qrupdan da çıxa bilmədi.

CAR yığması
Parreyra o qədər də güclü olmayan yığma ilə nəticə qazanmaq üçün orta sahəni doldurmaq taktikasına bel bağlayır. Adətən çoxlarının ağız büzdüyü 3-6-1 sxeminə güvənən Bafana-Bafana bəzən 4-5-1-lə də meydana çıxır. Braziliyalı mütəxəssis böyük seçimə malik olmadığından, əksər matçları təxminən eyni heyətlə keçirir. Çərçivəni İsaak Kxuneyə həvalə edən baş məşqinin güvəndiyi müdafiə xətti dəyişməz qalır. Mərkəzdə “yekəpərlər” Metyu Butla Aaron Mokoena yer alırsa, solda Piter Masilela, sağda Sibonis Qaks qərarlaşır.

Parreyra dayaq yarımmüdafiəçisi mövqeyindəki rəqabətə sevinə bilər. “Fulhem”li Dikqasoi, “Rubin”də çıxış edən Sibayya və Benson Mxlenqa orta sahənin dirəyi olmağa layiq oyunçulardır. Hücumameylli yarımmüdafiəçilər Stiven Pienaar və Teko Modise komandanın ön xəttində yer alan yeganə futbolçuya kömək etməlidir. Bu yerə isə Bernard Parkerlə Benni Makkarti iddia edir. Təcrübəli, həm də yaşlı Makkarti nisbətən gənc komanda yoldaşı ilə ayaqlaşa bilmədiyindən, son vaxtlar daha az meydana çıxır.

Ötən il çıxış etdiyi “Srvena Zvezda”da Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiçi heyətdən sıxışdırıb icarəyə verilməsinə səbəb olan 24 yaşlı Parker indi də “Tvente”də Vaqif Cavadovu ehtiyatda oturdub.

Oyunlarının təqvimi
11.06.2010 Meksika
16.06.2010 Uruqvay
22.06.2010 Fransa

Mundial iştirakçısı və biz
CAR milli komandasının Azərbaycan futbolu ilə birbaşa təmas nöqtəsi hələlik yoxdur. İndiyədək nəinki milli, heç digər səviyyələrdə də bu ölkə ilə üz-üzə gəlməmişik. CAR-dan olan oyunçuların ölkəmizdə top qovması da indiyədək qeydə alınmayıb.

Apasport.az-ın proqnozu: Böyük ehtimalla CAR yığması mundialdakı iştirakını qrup mərhələsində tamamlayacaq. Yalnız meydan sahibi olmaları onların möcüzəyə ümid etməsinə səbəb ola bilər.

Vüqar XEYRULLAYEV
0