“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində 8-ci dəfə Azərbaycan təmsilçisi bu ölkədən olan komanda ilə görüşəcək.
Moldovalılar 1993, bizim klublar isə 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt etsə də, iki ölkə təmsilçilərinin ilk dueli yalnız 2005-ci ildə baş tutub. “Nistru” UEFA kubokunda öncə evdə, sonra səfərdə “Xəzər Lənkəran”dan güclü olub.
Bununla da klublarımızın Moldova kabusuna start verilib. 2014-cü ilə qədər 5 dəfə təmsilçilərimiz məhz bu ölkədən olan rəqiblərinin qurbanına çevrilib. “Bakı”, “MKT-Araz”, “Qarabağ” və yenidən “Xəzər Lənkəran” budcəsinə görə xeyli üstələdikləri komandaları keçə bilməyib.
Düzdü, “Bakı” penaltilər seriyası, “Qarabağ” isə əlavə vaxtda uduzub. “Xəzər Lənkəran” isə yalnız evdə buraxdığı qola görə mübarizəni dayandırıb. Lakin istənilən halda, Moldova klublarının ardıcıl 5 dəfə bizimkiləri üstələməsi kimi xoşagəlməz tendensiya yaşanıb.
Tilsim yalnız 2014-cü ildə qırılıb. Həmin vaxt “İnter” hər iki oyunda “Tiraspol”dan güclü olub. Ötən il isə “Kəpəz” səfər qələbəsi ilə “Daçiya”nı yarışdan çıxarıb. Maraqlıdı ki, hər iki rəqib artıq bir dəfə təmsilçimizlə dueldən qalib ayrılan komanda olub. Həm “Tiraspol”, həm də “Daçiya”dan qisas almaq mümkün olub. Ümumiyyətlə isə üç komanda – “Xəzər Lənkəran”, “Daçiya” və “Tiraspol” 2 dəfə Azərbaycan – Moldova duelində iştirak edib.
İndiyəqədərki bütün duellər 1-ci mərhələdə baş tutub. Duellər 5 dəfə Avropa Liqası (UEFA kuboku), 2 dəfə İntertoto kubokunda baş tutub. İlk dəfə Çempionlar Liqasında və ilk dəfə III təsnifat mərhələdə iki ölkə təmsilçiləri üz-üzə gələcək. Bir sözlə, Azərbaycan və Moldova çempionları indiyədək qarşılaşmadığından ilk dəfə ən güclülərin duelinə şahid olacağıq.
Düzdü, ilk dəfə bizimkilərin önünə çıxan “Şerif”dən fərqli olaraq, “Qarabağ”ın moldovalılarla yolları kəsişib. Lakin həmin vaxt çempion olmayan ağdamlılar “Zimbru” səddinə ilişib.
Əslində, “Şerif”lə də çox sayda duellərimiz gerçəkləşib. Lakin bunlar avrokubok deyil, “Birlik kuboku” çərçivəsində baş tutub.
Arxada qalan 7 duelə baxsaq, keçirilən 14 oyunda 4 dəfə Azərbaycan, 4 dəfə Moldova klubları qalib gəlib. 6 dəfə isə görüş sülhlə nəticələnib. Top fərqində isə moldovalıların minimal üstünlüyü var – 16:15.
mövsüm |
turnir |
cütlük |
ilk oyun |
cavab oyunu |
qeyd |
2005/06 |
UEFA kuboku |
Nistru (Moldova) – Xəzər-Lənkəran |
3:1 |
2:1 |
|
2006/07 |
İntertoto kuboku |
MKT-Araz - Tiraspol (Moldova) |
1:0 |
0:2 |
|
2006/07 |
UEFA kuboku |
Zimbru (Moldova) - Qarabağ |
1:1 |
2:1 |
əlavə vaxtda |
2007/08 |
İntertoto kuboku |
Bakı – Daçiya (Moldova) |
1:1 |
1:1 |
Pen. 1:3 |
2010/11 |
Avropa Liqası |
Olimpiya (Moldova) – Xəzər Lənkəran |
0:0 |
1:1 |
səfər qolu |
2014/15 |
Avropa Liqası |
Tiraspol (Moldova) - İnter |
2:3 |
1:3 |
|
2016/17 |
Avropa Liqası |
Kəpəz – Daçiya (Moldova) |
0:0 |
1:0 |
|