[b]Adrian Skarlatake: Belə şərtlərlə oynamaq çox çətindi[/b]
13.10.2017 - 10:32
[b]Adrian Skarlatake: Belə şərtlərlə oynamaq çox çətindi[/b]

Bakının “İnter” klubunun rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcəksiz. Çempionla görüşdə hansı nəticəyə ümid edirsiz?

- Maksimum nəticə qazanmağa çalışacağıq. Bu isə o deməkdi ki, meydana qələbə üçün çıxacağıq. Bizi çətin matç gözlədiyini bilirik. Amma indiki vəziyyətində “İnter” üçün bütün oyunlar ağır keçir. Odu ki, mən də daxil olmaqla, hər futbolçumuz əlindən gələni etməyə çalışacaq.

 

- Bu günlərdə baş məşqçi Zaur Svanadzenin həyat yoldaşı dünyasını dəyişdi. Bu, “Qarabağ”la oyunöncəsi komandanın psixoloji durumuna mənfi təsir edibmi?

- Baş verən hadisəyə görə çox məyusuq. Biz baş məşqçimizin yanındayıq və ona dəstək oluruq. Svanadze hadisə ilə əlaqədar Gürcüstana getmişdi. Buna görə də, “Qarabağ”la matça onsuz hazırlaşdıq. Təbii ki, baş məşqçi olmayanda komandanın işi daha da çətinləşir. Tam istədiyimiz kimi məşqlər keçə bilmədik. Lakin bu barədə düşünmürük. Bütün çətinliklərə baxmayaraq, “Qarabağ”la görüşdə sona qədər “vuruşacağıq”. 

 

- İlk dövrədə 8 xal toplayan “İnter” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Bu nəticə sizi qane edirmi?

- Təbii ki, bu, yaxşı nəticə deyil. Amma hamı bizim hazırkı vəziyyətimizi bilir. Kasad heyətimiz var. “Qarabağ”la oyuna cəmi 15 oyunçu ilə hazırlaşdıq və aramızda əvəzedici heyətin üzvləri də var. Asan deyil.

 

- Bu heyətlə “İnter”in cari mövsümdə hədəfi nədi?

- Fikrimcə, qışa qədər bacardığımız qədər çox xal toplamağa çalışmalıyıq. Klubun prezidenti Zaur Axundov söz verib ki, qışda yeni futbolçular transfer ediləcək. 4-5 yaxşı oyunçu alınsa, çempionatın ikinci hissəsində tamam fərqli komanda görəcəksiz.

 

- “İnter”dən gedəcəyiniz haqda söz-söhbətlər gəzir. Müqavilənizin sonuna qədər komandada qalmaq fikrində deyilsiz?

- İndidən konkret söz deyə bilmərəm. Hər şey qışda hadisələrin necə cərəyan edəcəyindən asılıdı. Mən qalmaq istəyirəm. Amma yeni futbolçulara və güclü komanda olmağımıza ehtiyac var. “İnter” medallar uğrunda mübarizə aparmalı, mövsümü ilk “üçlük”də bitirməlidi. İnanıram ki, dekabrda kollektivə yeni futbolçular qoşulsa, gələn il də avrokuboklarda oynayacağıq.

 

- Avqust və sentyabrın maaşını hələ də almamısız?

- Almamışıq. Maaşlarımızın imkan daxilində tez ödəniləcəyinə dair bizə söz veriblər. Bu məsələ də üzləşdiyimiz problemlərdən biridi. Bir sözlə, çoxlu problemlərlə mübarizə aparırıq. Zədələr, maaşların gecikməsi, geniş heyətin olmaması… Belə şərtlərlə oynamaq çox çətindi.

 

- Necə düşünürsüz, “Qarabağ” yenə mövsümü çempion kimi bitirəcək, yoxsa hansısa komanda onun hegemonluğuna son qoya bilər?

- Fikrimcə, yenə “Qarabağ”ın çempionluq şansı daha çoxdu. Onlar təşkilatlanmış, gözəl ideyalara əsaslanan oyun sərgiləyirlər. “Qarabağ”da hər şey peşəkarcasına edilir. Amma “Qəbələ” və "Zirə” də yaxşı komandalardı, onların da şansı var.

 

Tengiz MƏMMƏDOV

0