12 Yanvar 13:12 Böyükağa Hacıyev: Hamı Qurban deyil, zəifi var, güclüsü var
FUTBOL xəbərləri 12 Yanvar 13:12
3135 baxış

Böyükağa Hacıyev: Hamı Qurban deyil, zəifi var, güclüsü var

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Premyer Liqanın fasiləyə qədər baş tutmuş qarşılaşmalarından razı qaldınızmı?

- Çempionatdı da, keçirirlər. Əvvəlki mövsümdə necə idisə, indi də həminki qaydadadı. Belə çempionat olmaz, nə rəqabət var, nə maraq. Hamı bilir ki, “Qarabağ” çempion olacaq. Əgər “Qarabağ” istəməsə, qızıl medalı “Qəbələ” qazanacaq. Başqa üçüncü komanda varmı? Varsa, adını çəkin, mən də bilim.

 

- “Qarabağ” istəməsə” deyəndə, nəyi nəzərdə tutursuz?

- Yəni, “Qarabağ” bacarmasa, çempion “Qəbələ” olacaq. Yoxsa onların birincilikdən imtina edəcəyini demək fikrində deyiləm. Üstəlik, nəzərə alaq ki, “Qarabağ” kubokla vidalaşıb, onda çempion olmaq üçün maksimumu edəcək. Sadəcə, üçüncü komandanın adını çəkmək üçün fikirləşirəm, ancaq tapa bilmirəm. Rəqabət cəmi 2 komanda arasında gedir.  

 

- Digər komandalar niyə zəifdi?

- Onu deyə bilmərəm. Bizim vaxtımızda 6-7 komanda əsas rəqibimiz idi. Birini məğlub edirdin, digəri də gəlirdi ki, mən də çempionluğa oynayıram. Onu da yenirdin növbətisi gəlirdi. Yəni, rahat nəfəs almaq üçün zəif rəqib tapmırdın. İranlıların yaxşı bir ifadəsi var: “Tacir malı satanda yox, alanda udur”. Məşqçi də o vaxt uğur qazanır ki, komandasını düzgün komplektləşdirir. Kimi gəldi heyətə götürəndə, güclənə bilməyəcək.

 

- “Keşlə”nin ukraynalı məşqçisi Yuri Maksimovu tanıyırsınızmı?

- Tanımıram. Ukraynalı məşqçinin burda işləməsi üçün ən azı 5-6 ay adaptasiya keçməlidi. Söhbət təcrübəli məşqçidən gedir, bu cür gənc mütəxəssisdən yox. Nə edəcək, onu zaman göstərəcək.

 

- Deməli, yaya qədər yaxşı iş görəcəyinə inanmırsız?

- Bunu zaman göstərəcək.

 

- “Kəpəz” qış fasiləsində 10-dan çox futbolçu ilə vidalaşdı. Bu amil gəncəlilərə çətinlik yaratmayacaq?

- Yəqin yeni futbolçularla anlaşıb. Əlinin altında varıdı, problem olmayacaq.

 

- Qurban Qurbanovun iki cəbhədə - həm “Qarabağ”, həm milli komandada çalışmasını necə dəyərləndirirsiniz?

- Çox çətin olacaq. Əsas da birinci ildə çox ağır iş qrafiki olacaq onun. Ya “Qarabağ”ın çempionluğundan əl çəkməlidi, ya da millidən. Ancaq hər ikisinin Qurban üçün vacib olduğunu da bilirəm.

 

- Sizcə, Qurbanov hansından əl çəkməlidi?

- Qurban həm də gənc mütəxəssisdi. Bəzən 2 dovşanın arxasınca qaçırsan, ancaq axırda heç birini tuta bilmirsən. Ona görə də fikirləşmək lazımdı.

 

- Rəşad Sadıqovda da analoji vəziyyətdi. Həm oynayacaq, həm də məşqçilik edəcək...

- İndi gəl çatdır görüm, necə çatdırırsan. Ağır işin altına girib.  

 

- Aşağı yaş qrupundan ibarət millilərə təyinatları necə qarşıladınız?

- Təbii ki, Qurban Qurbanov yığmalara inandığı insanları gətirib. Ancaq bir şeyi unutmayaq, hamı Qurban deyil, zəifi var, güclüsü var. Rəşadın sabah “Qarabağ”dakı oyunu ilə U-21-dəki oyunu üst-üstə düşsə, nə edəcək? Çox çətindi. Hamısına uğurlar arzulayıram. İki yerdə işləmək başqa məsələdi. Ağlınız sovet dövrünə getməsin. Valeri Lobanovski, Konstantin Beskov fərqli mütəxəssislər idilər. Bizdə isə vəziyyət fərqlidi. İki oyun uduzan kimi, məşqçiyə “əlvida” deyirlər.

 

Xəbər lenti