[b]"Çempionluqdan bir qədər uzaqlaşdıq" - Asif Məmmədov[/b]
24.02.2018 - 21:07
[b]"Çempionluqdan bir qədər uzaqlaşdıq" - Asif Məmmədov[/b]

- “Qəbələ”yə qələbə lazımkən məğlub oldunuz. Məqsədə niyə çatmadınız?

- Qələbə qazanmağı çox istəyirdik. Bu cür oyunlarda xal itirməyimiz yaxşı hal deyil. Ümumi götürəndə pis oynamadıq.

 

- Bəlkə çox istəkli olmağınız sizə mane oldu?

- Ola bilər. Həm də avtoqol bizi ruhdan saldı.

 

- Cavid Hüseynov cəzalı olduğuna görə komandaya kömək edə bilmirdi. Yeri görünürdümü?

- Nə deyim, komandada bir-birini əvəzləyən futbolçular var. Əlbəttə, matça tam heyətlə çıxsaydıq, daha yaxşı olardı. Sadəcə, bəxtimiz gətirmədi.

 

- Qış fasiləsindən sonra “Qəbələ”nin “Qarabağ”ı qovacağı gözlənilirdi. Ancaq əks-qrafiklə rastlaşdıq...

- Bu oyuna qədər nəticələr pis deyildi. Amma məğlubiyyətdən sonra çempionluqdan bir qədər uzaqlaşdıq. Sabah “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq. Həmin görüşdə “Qarabağ”ın qalib gələcəyi gözlənilir. Bu baş versə, işimizi çox çətinə salmış olacağıq.

 

- “Qarabağ”ın xal itirəcəyinə ümid etmirsiniz?

- Çətindi. İnandırıcı gəlmir.

 

- Nəticələrin pis olmadığını dediniz. Ancaq çempionluq şansınızı davam etdirmək üçün “Qarabağ”a qalib gəlməli idiniz...

- Həmin qarşılaşma fasilədən sonra ilk matç idi. Xeyli vaxt idi ki, rəsmi oyun keçirmirdik. Üstəlik, səfərdə oynayırdıq. “Qarabağ” kimi komandadan xal almaq pis deyildi. Çünki oyunumuz da uğurlu alınmamışdı.

 

- Zirvə uğrunda intriqa “öldü”, demək olarmı?

- Öz oyunumuzu keçirəcəyik. Ruhdan düşməyəcəyik, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Ancaq hər şey əlimizdə deyil. İndi “Qarabağ”ın nəticələrini gözləyəcəyik. Təbii ki, öz oyunumuzu da udmalıyıq.

0