[b]“Keşlə” və “Qəbələ”nin çətin sınağı, “Neftçi” Macarıstan səfərində[/b]
18.07.2018 - 12:45
[b]“Keşlə” və “Qəbələ”nin çətin sınağı, “Neftçi” Macarıstan səfərində[/b]

Sabah Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın üç klubu da cavab oyunlarına çıxacaq.

 

Bakıda baş tutacaq yeganə qarşılaşmada “Keşlə” “Baltsan”ı qəbul edəcək. Maltada gözlənilməz məğlubiyyət alan paytaxt klubu darmadağının əvəzini “Dalğa Arena”da çıxmalıdı. Lakin Azərbaycan kubokunun qalibinin möcüzəni reallaşdırması inandırıcı görünmür.

 

Ən azı 3 cavabsız qol vurmalı olan “Keşlə”də oyun öncəsi yaşanan baş məşqçi dəyişikliyi də komandaya təsirsiz ötüşməyəcək. Zaur İsmayılovun debüt görüşündə bakılılar mərhələ keçməsə də, ən azı azarkeşlərini qələbə ilə sevindirməyə borcludu.

 

Səfərdə oynayacaq “Qəbələ” də mərhələ keçmək üçün 3 qol vurmalıdı. Öz meydanında “Proqres”ə uduzan Sənan Qurbanovun yetirmələri Lüksemburqdan uğurlu nəticə ilə dönməlidi.

 

İki top fərqini aradan qaldırmaq mümkünsüz deyil. Yay fasiləsində heyətində bir sıra dəyişikliklər olan “qırmızı-qaralar” çətin vəzifənin öhdəsindən gəlmək üçün rəqib meydanında daha aqressiv oyun nümayiş etdirməlidi.

 

Avropa Liqasındakı klublarımız arasında nisbətən əlverişli durumda olanı yalnız “Neftçi”di. Evdə 3:1 hesabı ilə qalib gələn Roberto Bordinin yetirmələri “Uypeşt”lə səfər matçında üstünlüyünü qorumalıdı.

 

Macarıstan təmsilçisinin hücum futbolu sərgiləməyə məcbur olması bakılıların əks həmlələr hesabına qazanmasına da şərait yarada bilər. Bu da növbəti raundda İspaniya “Sevilya”sı ilə qarşılaşmaq imkanı olan “ağ-qaralar” çətin sınaq öncəsi həm özünün, həm Azərbaycanın reytinqinə xal artırmaq imkanı verəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

 

21:00. “Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta)

Baş hakim: Mixail Vilkov

Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. “Dalğa Arena”

İlk oyun – 1:4

 

21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Keyt Kennedi

Baş hakimin köməkçiləri: Stefen Donaldson, Kristian Fransis Hanna

Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Şəhər Munisipal stadionu

İlk oyun – 2:0

 

23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan)

Baş hakim: İoannis Papadopulos

Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kamburis

Dördüncü hakim: Angelos Evangelou (hamısı Yunanıstan)
Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Şuşa Ferens stadionu

İlk oyun – 1:3

0