[b]"Neftçi", sel və "Xalqların böyük köçü"[/b]
12.06.2018 - 15:11
[b]"Neftçi", sel və "Xalqların böyük köçü"[/b]

“Axırıncı aşırım” filmində Kərbəlayı İsmayıl belə deyirdi: "Görmüşük sel gələndə əvvəlcə çör-çöp gətirər, ağacın qalın kötüyünü selin gur yeri axıdar. Amma bunlar kötüyü qabağa veriblər..."

Sumqayıtdan sel gəlir, özü də yaman gəlir. Bu sel "Neftçi"ni ağuşuna alıb, Xəzər dənizinə tökməsə yaxşıdı.

Hər şey bir gecənin içində başladı. O məşum gecənin səhəri oyandıq ki, ey dad-bidad, Kamran Quliyev "Neftçi"nin prezidentidi. Elə selin başlanğıcı da bu oldu. Bilmirəm Quliyevi ağacın ağır kötüyü ilə nə dərəcədə bənzətmək olar, amma fakt budu ki, selin ilk gətirdiyi prezident oldu.

"...Bəlkə onlar demək istəyirlər ki, bizim elə çör-çöpümüz budu..."

Əlimiz üzümüzdə qaldı, beynimizdə min sual, bəs sonra nə olacaq?

Sonra davam elədi... Əvvəlcə Kamran Quliyevin köhnə dostu Ceyhun Sultanov "Neftçi"yə gəldi. Ardınca...

Rüstəm Allahverdiyev də Sumqayıtdan gələnlərdən idi, amma mətbuat katibi klubdan yox, Sumqayıt Texnologiyalar Parkından gəldi. Özü də hələlik yazılması məsləhət olmayan mətbuat üçün yeni şərtlərlə!

Sel isə axmaqda, qabağına çıxanı Bakıya doğru sürükləməkdə davam edirdi. "Sumqayıt"ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyev, ötən mövsümü "kimyaçılar"ın heyətində keçirən Tural Axundov və hələlik sonuncu Rəşad Eyubov da "ağır kötüy"ün ardınca selə qapılıb Bakıya "axdı".

Hətta iş o yerə çatıb ki, az qala Sumqayıtdan Bakıya gələn "adambaşı 1 manatlıq" taksiyə minənlər özünü "Neftçi"nin bazasında müqavilə imzalayan yerdə tapır...

...Biz də oturub baş sındırırıq, qara-qara düşünürük ki, "Sumqayıt"a nə oldu ki, birdən-birə üzüyuxarı dırmaşdığı Avroliqa yolunda gurultu ilə zirzəmiyə yuvarlandı. Sən demə, indi üzə çıxıb, dəli kimi üzü Bakıya axan sel onda hələ altdan-altdan yuyurmuş torpağı.

Deyəsən, ssenari belə yazılıbmış: Aç > " Sumqayıt" qovluğu > "copy" > aç > "Neftçi" qovluğu "paste". Gedişi pozan da Samir Abasov oldu. Selə təslim olmaq istəməyən Abasov dilinin bəlasına düşdü.

Tarixdən azca anlayışı olanlar "Xalqların böyük köçü" haqqında eşitmiş olarlar. Bilməyənlərə qısaca izahat verim ki, eramızın IV əsrindən etibarən aclığa dözməyən Hun tayfaları daha yaxşı otlaqlar, münbit torpaqlar tapmaq arzusu ilə iribuynuzlu mal-qaralarını da götürərək qərbə doğru köçə başladılar. Bir neçə əsr çəkən köç zamanı Altaylardan gələn barbarlar yekunda dövrün iqtisadi və ticari mərkəzi olan Roma İmperiyasında məskunlaşmağa başladılar. Bu isə birbaşa Romanın sürətlə çökməsinə və süqutuna səbəb oldu.

Görək Sumqayıtdan başlayan "xalqların böyük köçü"nə "Neftçi" nə qədər tab gətirəcək?

 

ZAUR

0