[b]“Neftçi”də biabırçılıq: Legionerlər bazaya buraxılmadı[/b]
21.06.2018 - 13:58
[b]“Neftçi”də biabırçılıq: Legionerlər bazaya buraxılmadı[/b]

“Neftçi”nin futbolçuları Mayk Kampaz və Lukas Qomez problemlə üzləşiblər. Apasport.az saytının məlumatına görə, bunu Kampaz instaqram səhifəsindəki paylaşımla bildirib.

 

Belə ki, kolumbiyalı yarımmüdafiəçi bu gün səhər saatlarında məşq etmək üçün klubun bazasına yollandıqlarını, lakin təhlükəsizlik əməkdaşları tərəfindən içəri buraxılmadıqlarını yazıb.

 

Paytaxt klubu ilə müqavilə müddəti ilin sonuna qədər olan cənubi amerikalılar “Neftçi” rəhbərliyinin buna əməl etməsini gözləyir: “Bu gün komanda yoldaşlarımızla birlikdə məşq etmək üçün klubun bazasına getdik. Lakin rəhbərliyin göstərişi ilə Lukas Qomezlə məni içəri buraxmadılar. Bizə əvvəlcədən məşqə qatıla bilməyəcəyimizlə bağlı heç kim xəbərdarlıq etməmişdi. Peşəkar futbolçu olaraq öz haqlarımızı qorumalıyıq. Klubdan dekabrın 21-dək davam edən müqavilənin şərtlərinə əməl etməyi tələb edirik”.

 

Qeyd edək ki, “Neftçi”yə 2018-ci ilin yanvarında transfer olunan Mayk Kampaz və Lukas Qomez klubla 1 illik müqavilə bağlamışdı.

0