[b]“Neftçi”nin “bənövşəyi” rəqibi:  “Uypeşt”i yaxından tanıyaq [/b]
20.06.2018 - 15:12
[b]“Neftçi”nin “bənövşəyi” rəqibi:  “Uypeşt”i yaxından tanıyaq
[/b]

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandasına rəqib olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın rəqibinin tarixi qədimdi.

1885-ci ildə yaradılan Budapeşt təmsilçisi 1905-ci ildə Macarıstanın birinci divizionuna yüksəlib və o gündən bəri cəmi bir dəfə (1910-11 mövsümü) liqanı tərk edib. “Bənövşəyilər” ardıcıl 102 il əsas çempionatın iştirakçısı olublar. “Uypeşt” 20 dəfə Macarıstan çempionatının, 10 dəfə ölkə kubokunun, 3 dəfə isə Superkubokun qalibi olub. Komandanın sonuncu ölkə çempionluğu 1997-1998 mövsümünə təsadüf edir.

“Uypeşt” 1922-ci ilin 17 sentyabrından bəri ev oyunlarını “Ferenç Susa” adına stadionda keçirir. Əvvəllər “Meqyeri Uti” adlanan arena 2003-cü ilin oktyabrında klubun əfsanəvi futbolçusu, 463 matçda 392 dəfə rəqib qapılarına yol tapan Ferenç Susanın şərəfinə adlandırılıb. 2001-ci ildə aparılan təmir və quraşdırılma işlərindən sonra stadionun azarkeş tutumu 13 min 501 nəfərə qədər artırılıb.

Bu vaxta qədər avrokuboklarda 137 oyuna çıxan “Uypeşt”in aktivində 56 qələbə, 23 heç-heçə, 58 məğlubiyyət var. Avropa arenasında 227 qola imza atan “bənövşəyilər” qapılarında 219 qol görüblər. Beynəlxalq səviyyədə 1960-cı illərin sonları, 70-lərin əvvəlləri “Uypeşt” üçün uğurlu dövr hesab olunur. Komanda 1968-69 mövsümündə Yarmarkalar kubokunun finalına yüksəlsə də, “Nyukasl”a məğlub olaraq, ikinciliklə kifayətlənib. 1973-74 mövsümündə isə Budapeşt klubu Avropa kubokunda (indiki adı – Çempionlar Liqası) yarımfinala qədər irəliləyə bilib. “Uypeşt”in qarşısını “Bavariya” kəsib. Komanda sonuncu dəfə 2009-10 mövsümündə avrokuboklarda iştirak edib. O zaman Avropa Liqasının II təsnifat mərhələsində “Styaua” “Uypeşt”i mübarizədən kənarlaşdırıb.

Özəyini macarlar təşkil edən “Uypeşt”in heyətində həmçinin Serbiya, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Mali və Nigeriyadan legionerlər çıxış edir.

“Neftçi”nin Avropa Liqasındakı rəqibi ev oyunlarında bənövşəyi və ağ rənglərin qarışığından ibarət formadan istifadə edir. Səfər görüşündə isə “Uypeşt” ağ rəngli formaya üstünlük verir.

Roderik Duşateletin prezidenti olduğu “Uypeşt”i serbiyalı Neboyşa Viqnyeviç çalışdırır.

 

0