[b]Novruz Əzimov: “Neftçi” qələbə qazananda rəhbərlik sevinmirdi[/b]
23.07.2018 - 13:46
[b]Novruz Əzimov: “Neftçi” qələbə qazananda rəhbərlik sevinmirdi[/b]

“Neftçi”nin sabiq məşqçisi Novruz Əzimovun apasport.az saytına müsahibəsi

 

- Sabiq komandanız “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”ə böyük hesabla (0:4) məğlub olaraq, mübarizəni dayandırdı. Bu nəticəni gözləyirdinizmi?

- “Neftçi”nin bu məğlubiyyətinin səbəbkarı baş məşqçidi. Çünki oyunu düzgün qurmamışdı. Doğrudu, bir matça görə qiymət vermək olmaz. Ancaq Bordin özü də yaxşı bilir ki, səhvlərə yol verdi. Görünən o idi ki, komanda psixoloji cəhətdən oyuna köklənə bilməmişdi.

 

- Baş məşqçinin düzgün oyun qurmadığını deyəndə Macarıstanda “beşli” müdafiəyə üstünlük verməsini nəzərdə tutursunuz?a

- Qarşılaşmadan sonra bildirmişdi ki, oyunu əks-hücumlar üzərində qurmuşdu. Ancaq “Neftçi”nin heyətində olan futbolçular əks-hücuma uyğun deyillər. Sürətli hücumçulara malik olduğun zaman əks-hücum taktikası seçə bilərsən. İndiki oyunçular isə top saxlamağa, oyun qurmağa qadirdirlər. Əvvəldən təşəbbüsü rəqibə verib, müdafiəyə oturmaqla mərhələ adlaya bilməzsən. Ön xətdəki oyunçular müdafiə olunma funksiyasını lazımınca yerinə yetirə bilmirdilər ki, bunun da nəticəsində komanda 4 top buraxdı. Belə taktika ilə çıxış edəndə yarımmüdafiəçilərin üzərinə çox yük düşür. Ancaq onlar bunun öhdəsindən gələ bilmədilər.

 

- Sizin də yer aldığınız məşqçilər korpusu komandanı Avropa Liqasına daşımasına baxmayaraq, rəhbərlik mövsümün sonunda dəyişikliyə getdi. Düşünmürsünüz ki, orda iştirakı siz daha çox haqq edirdiniz?

- Həm peşəkar, həm də insani münasibət baxımından yanaşanda, Avropa Liqası bizim haqqımız idi. Ola bilər ki, daha böyük hədəflər müəyyənləşdirirsən və düşünürsən ki, onların buna imkanı çatmaz. Ancaq əminəm ki, komanda Tərlan Əhmədovun rəhbərliyi altında daha böyük işlər görmək gücündə idi. Təəssüf ki, “Neftçi”ni idarə edənlər digər klubların başına gələn problemlərə baxmayaraq, eyni yolu tutdu. Qurban Qurbanova göstərilən etimad 3-4 ildən sonra özünü doğrultdu. “Xəzər Lənkəran” və “Bakı”nı misal göstərə bilərəm ki, orda baş məşqçiyə qarşı səbrli olmurdular, imkan vermirdilər. “Neftçi” rəhbərliyi də bu addıma əl atdı.

 

- Daha böyük hədəfləri planlaşdıraraq baş məşqçi dəyişikliyinə gedilirsə və komanda ilk mərhələdəcə mübarizəni dayandırırsa, bunda əsas məsuliyyət rəhbərliyin üzərinə düşmürmü?

- Sözsüz ki, belədi. Çünki baş məşqçini dəvət edəndə strategiyaya uyğun da transferlər həyata keçirilir. Səhv etmirəmsə, söz vermişdilər ki, “Sevilya”nı Bakıya gətirəcəyik. “Sevilya”nın bura gəlməsi çox yaxşı olardı. Ancaq verilən vədə əməl olunmadı.

 

- Tərlan Əhmədov saytımıza müsahibəsində klub prezidenti Kamran Quliyevin onun işinə müxtəlif maneələr törətdiyini və ona yaxın şəxsləri “vurduğunu” bildirmişdi. Siz də özünüzə qarşı belə münasibət hiss edirdiniz?

- Məncə, bu rəhbərlik “Neftçi”yə gəldiyi ilk gündən öz planını hazırlamışdı. Münasibət, kimlərin özlərini necə aparmaları göz önündə idi. Rəhbərlikdə bəziləri qələbəyə daxilən sevinmirdi, hamısını görürdük. Gedişat onu göstərdi ki, rəhbərlik mövsümün sonunda dəyişiklik etməyi ilk gündən qərara almışdı. Kamran Quliyev kluba təqdim ediləndə SOCAR-dan gələn nümayəndə kollektivə möhkəmlik və birlik arzulamışdı. Ancaq “Neftçi”də rəhbərlik və məşqçilər korpusu arasında birlik yox idi. Mövsümün gedişində rəhbərliyin gördüyü işlər barədə Tərlan Əhmədov ətraflı danışıb. Halbuki bu cür köklü klubda belə hallar baş verməməli idi.

 

0